Əsas Səhifə > Üst manşet / Güney Press > Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT...

Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT...


27-05-2025, 10:35

"Bir müddət əvvəl tele-kanallardan birinə verdiyim müsahibədə Azərbaycanın siyasi iradə sahiblərinə müraciət edərək bildirmişdim ki, bizdə bəzi məmurlar, özəlliklə də Naxçıvan “canişin”i (Fuad Nəcəfli nəzərdə tutulur -red.) sözdən anlamır. Onlara bir sözü başa salmaq üçün Molla Nəsrəddin tərbiyə metodlarından istifadə etməlisən. Necə ki, Molla uşağı çörək almağa göndərəndə ona pul verməmişdən əvvəl şillə-təpiyin altına salıb döyürdü. Molladan bu ailədaxili şiddətin səbəbini soruşanda deyirdi ki, uşağı pulu itirməməsi üçün əvvəlcədən döyürəm. Pulu itirəndən sonra döyməyin nə xeyri var?.." "DİA-AZ" xəbər verir ki, bunu öz satirik yanaşmasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bunları əlavə edib: "3 illlik təcrübə sübut edir ki, “canişin” əfəndi də Bakıya çağırılıb danlandıqdan sonra düzəlir. Elədirsə, yaxşı olmazmı ki, hər səhər açılanda paytaxtdan Naxçıvana zəng gedə və “canişin” əfəndi danlaq payını əvvəlcədən ala və günü ağıllı idarəçiliklə keçirə? Camaatın keyfinə soğan doğrandıqdan sonra onun danlanmasının nə xeyri var?
Maraqlıdır ki, bizim səsimiz Qaraçuxurdan Prezident iqamətgahına gedib çatmadığı halda, deyəsən, Parisə yetişib. Fransa prezidentinin Vyetnama səfəri zamanı təyyarə qapısının anidən açılması ilə ortaya çıxdı ki, Emmanuelin xanımı Brijit Makron öz ərini işə başlamamışdan əvvəl bir partiya yaxşıca çırpırmış. Prezident də təbii ki, bütün iş günü boyu bu nazik cinsin ağır şilləsinin ağrısını sifətində hiss etdiyindən özünü adam balası kimi aparırmış.
Ən maraqlısı isə odur ki, Emmanuel Makron müəllim də hər gün nazik şillə qonaqlığı almadan evdən çölə çıxmadığını faktiki təsdiqləyib. O, Fransada və dünyada yayılan söz-söhbətə aydınlıq gətirərək bildirib ki, Makron ailəsində bu, çox normal hal imiş: “Bricit zarafat edirdi. Biz bir-birimizi sevirik. Belə zarafatlarımız çox olur”. Bir sözlə, Makronlar cütlüyü, bizim ibarə ilə desək, “eşşək zarafatı”ndan xoşlanırmış. Belə anlaşılır ki, Brijit xanım hər gün, bəlkə də günaşırı Emmanuel bəyi şillə-təpiyin altına salaraq, bir növ onunla zarafatlaşırmış. Doğrusu, “Bərəkallah, belə zarafata”, deməkdən özümü saxlaya bilmirəm. Bunlar öz yerində. Amma Makronun sözügedən etirafı da əslində Fransa prezidentinin evində ailədaxili şiddətin adi həyat normasına çevrildiyini təsdiqləyir.
Deyəsən, binəva Emmanuel əfəndi Brijit xanımın bu “zərif zarafat”ına o qədər öyrəncəli olub ki, hara getsə özüylə bərabər əlavə bir şilləvuran da aparır. Və yaxud şilləvuran mərdümazarlar gəlib onu tapır. Hətta seçiciləriylə görüşdə belə mütləq biri çıxıb onun zelaflaşmış sifətinə yağlı bir şillə çəkir. Yəqin ona görə ki, evdə yediyi şillənin dadı damağından qaçmasın, Brijit xanımdan aldığı təlimatları bir daha xatırlasın.
İnsafən, şillənin tərbiyəvi əhəmiyyəti yeni ortaya çıxmış həqiqət də deyil və onun Fransa xalqına da çox aidiyyəti yoxdur. Qədim çağlardan indiyədək, bu şəfa metodu xüsusilə bizim Şərq ölkələrində daha çox məşhurdur. Hətta orta əsrlərdə şah saraylarında “şamar oğlan” deyilən bir vəzifə təsis olunmuşdu. Sadə xalq kütlələrinin övladları arasından seçilən “şamar oğlan”lar sarayda saxlanılır, şahzadələrlə dostluq edir, yaxşı pullar qazanıb ata-anasını, qohum-əqrəbasını dolandırırdılar. Bunun əvəzində isə şahzadə bir qələt edəndə üzünü onun tərbiyəçisinə tutub gözünü yumurdular. Tərbiyəçi isə şahzadənin haqq etdiyi şilləni onun üzünə vurub müqəddəs vəzifəsini yerinə yetirirdi.
Yüzillik tarixin sınağından çıxan, hazırda Yelisey sarayında uğurla həyata keçirilən bu tərbiyəvi metoddan biz də yararlanmalı, bəzi korrupsioner məmurların və səlahiyyətli nümayəndələrin sifəti ən azı gündə bir dəfə bu şəfaedici şillələrlə qızardılmalıdır. Başqa sözlə desək, təkcə danlaqla kifayətlənmək olmaz. Bəyəm, bizim fransızlardan nəyimiz əskikdir ki, Emmanuel Makronun gündə bir neçə dəfə qəbul etdiyi bu dərman (fransızca: blague (zarafat) həbi) bizim məmurlara çox görülsün?.."

Geri qayıt