Əsas Səhifə > Üst manşet, Güney Press > Gömrük komitəsində NƏLƏR BAŞ VERİR?

Gömrük komitəsində NƏLƏR BAŞ VERİR?


Dünən, 01:50
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR?
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi (DGK) 3 aydan çoxdur ki, hər hansı bir səbəb göstərmədən əməkdaşlarının əməkhaqlarını ödəmir. DGK sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında deyib ki, maaşların gecikməsinə texniki məsələlər səbəb olur.

Sitat: “Texniki məsələlər həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Göründüyü kimi, DGK sədri texniki səbəblərin nə olduğunu açıqlamır. Üstəlik, dolayısı ilə medianı ajiotaj yaratmaqda ittiham edir. Halbuki maaşların 3 aydır verilməməsi, səbəb nə olursa, olsun, ən böyük ajiotajdır. Bu ajiotajın müəllifi isə DGK rəhbərliyidir.

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun sözlərinə görə, Dövlət Gömrük Komitəsi büdcədən maliyyələşməyən qurumdur.

O deyib ki, bu təşkilatın qazancı elə özlərində olur:

“Onlar ölkəyə gələn və çıxan mallardan, xüsusilə daxil olanlardan müəyyən rüsumlar alırlar. Bununla da dövlət büdcəsinin mühüm bir hissəsinin yaranmasında rolları var. Bu mənada onlarda maliyyə sıxıntısının mövcudluğu həqiqətən də anlaşılmazdır. Azərbaycanda büdcənin üç əsas təməl qaynaqlarından biri DGK-dir. İndi bunlarda 3-4 aydır maaşların gecikməsi, qeyri-müəyyənliyin hökm sürməsi həqiqətən də çox ciddi bir vəziyyətdən xəbər verir. Belə görünür ki, Gömrük Komitəsində nələrsə yerində deyil. Hesab edirəm ki, Şahin Bağırov bu cür yerində olmayan və hansısa problemlərin mövcud olmasından yaranan prosesi araşdırıb, onlara bir aydınlıq gətirməlidir. Aydınlıq gətirmək əvəzinə “burada ajiotaj axtarmağa ehtiyac yoxdur” deməməlidir”.

H.Oğuzun fikrincə, məsələ ilə bağlı ajiotaj var və bunu Şahin Bağırov yaradır:

“Maaş gecikə bilər, amma 1-2 gün, maksimum bir həftə. 3 ay maaş gecikər?! Şahin Bağırov məsələyə ciddi yanaşmalıdır. Ağılları əvvəlki vəziyyətlərə gedib. O zaman maaş almasalar da onların əhvalına təsir etmirdi. Çünki həmin dövrdə görünmədən yığılan vəsaitlər var idi. Lakin indi gömrükdə həmin vəziyyət yoxdur axı. Hazırda DGK-da işləyənlər quru maaşa baxırlar. Özləri ilə gömrüyün kasıb işçilərini, maaşla dolanan insanların vəziyyətini eyni tərəziyə qoymasınlar, camaatın pulunu versinlər. Sən öz işçilərinin maaşını təmin edə bilmirsənsə, dövlət büdcəsini necə maliyyələşdirəcəksən, necə onun əsas qaynaqlarından birinə çevriləcəksən?!”

İqtisadçı Natiq Cəfərli deyib ki, işçilərin maaşının aylarla verilməməsi əmək qanunvericiliyinin və işçi hüquqlarının pozulması deməkdir:

“Maaşların gecikmə səbəbi mənim üçün də maraqlıdır. Əvvəl belə bir məsələ dolaşırdı ki, DGK ayrıca qurum olaraq ləğv edilib, hansısa qurumlarla birləşdiriləcək. Əgər maaşların gecikməsi buna görədirsə, əsas səbəb budursa, orada çalışan işçi bunun əziyyətini çəkməməlidir”.
Geri qayıt