Əsas Səhifə > Üst manşet, Güney Press > “Əmək Müfəttişliyində yarıtmaz xidmət...”
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...”Dünən, 01:23 |
Bakı şəhəri, Xətai rayonnunda qeydiyyatda olan Kərimova Səidə Səftər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik: “Yazıb bildirmək istəyirəm ki, 06.01.2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə e-sosial tətbiqi vasitəsi ilə 4 şikayət ünvanlamışam. 8 yanvar tarixində nazirliklə əlaqə saxlayıb, şikayətimlə maraqlanmışam. Mənə bildirildi ki, birinci şikayətiniz artıq bizdədir və araşdırılır. Şikayətim “SVED-GROUP” MMC-dən idi. 3 ilə yaxındır ki, o şirkətdə işləyirdim. Rəsmi əmək müqaviləmdə 345 manat əmək haqqı göstərilmişdi. Lakin mən 900 manat maaş alırdım. Bundan əlavə, şirkət əmək müqaviləsində iş saatını 8 saat və iş gününü 5 gün yazdığı halda, mən gündəlik minimum 12 saat işləyirdim. Elə həftələr olurdu ki, mənə istirahət günü belə, verilmirdi. Bunun üçün əlavə heç bir ödəniş almırdım. Şirkətdə işlədiyim müddət ərzində mənə bir dəfə də olsun nə məzuniyyət, nə də məzuniyyət ödənişi verilib. Yanvar ayında isə məni qeyri-qanuni olaraq işdən azad etdilər. Məndən də işdən çıxma ərizəmi tələb etdilər. İşdən çıxma ərizəmi yazmadım. Bildirdim ki, məni özləri işdən çıxarıb, haqqımı ödəsinlər. Həmin gün Əmək Müfəttişliyinə 4 şikayət ünvanladım. Şirkətdən mənə özləri “işə gəlmə” dedikləri halda, “əmək öhdəliklərimi yerinə yetirmədiyim” bəhanəsini əsas gətirərək, məni işdən çıxardılar. Lakin mən şirkətdən əvvəl Əmək Müfəttişliyinə şikayət yazmışdım. Nazirliklə əlaqə saxlayıb, şikayətlərimin nə yerdə qaldığını soruşduqda mənə bildirildi ki, sizdən heç bir şikayət gəlməyib. Hörmətli Sahil Babayev! DOST xidmətinə yaxınlaşaraq, şikayət etdiyimə dair şəkilləri göstərdim. Bildirdim ki, yanvar ayının 8-də sizin operator mənə bildirdi ki, şikayətiniz qəbul edilib. DOST xidmətində isə dedilər ki, sizdən heç bir şikayət daxil olmayıb. Yenidən şikayət ərizəsi yazmağa məcbur oldum. Qeyd edim ki, Əmək Müfəttişliyində yarıtmaz insanlar xidmət göstərir. 55 yaşlı qadınam, işləməyə məcburam. Məni qeyri-qanuni olaraq işdən çıxarmaları və Əmək Müfəttişliyinin də bu hala göz yumması ölkədə həm hüquq sisteminin nə dərəcədə iflas etməsinin, həm də şirkət sahiblərinin özbaşınalıqlarının göstəricisidir”. Geri qayıt |