Əsas Səhifə > Üst manşet, Güney Press > Hər yubanan pensiya artan problem deməkdir

Hər yubanan pensiya artan problem deməkdir


2-12-2024, 08:29
Hər yubanan pensiya artan problem deməkdir
Azərbaycanda əhaliyə sosial ödənişlərin əvvəlki vaxtla müqayisədə gecikməsi pensiyaçılarda ciddi narazılığa səbəb olub. Onlar bildirirlər ki, ödənişlərin indi daha gec tarixdə verilməsi səbəbindən maddi zərər görürlər.

Zaqatala rayon sakini Səmayə Hüseynova (ad-soyad şərtidir) deyir ki, o uzun illər müəllim işləyib və 8 ildir ki, pensiya alır.

Onun sözlərinə görə, bu ilin avqustunda "Access Bank"dan 2 min manat kredit götürüb, buna görə hər ay banka 197 manat ödəniş edir. Son 3 ayda pensiyanın gecikməsinə görə çətin vəziyyətlə qarşılaşıb.

"Onkoloji xəstəliklə bağlı əməliyyat olunmalıydım, avqustun axırlarında bankdan kredit götürdüm. 472 manat pensiyamı hər ayın 15-nə qədər verirdilər deyə, kredit müqaviləsində də ödənişi bu tarixə saldım. Amma indi ayın 22-23-dən sonra verirlər və bizə çətinlik yaradır. Hər ödəniş edilməyən gün bank faiz hesablayır və biz əvvəlkindən daha çox ödəməli oluruq. Sosial Müdafiə Nazirliyinin Zaqatala şöbəsinə getdim, dedilər bizlik deyil, Bakıya müraciət edin.

Krediti başqa adamın adına götürmüşdüm. İndi gecikmələrə görə həmin adam da narahatlıq yaşayır", - deyə pensiyaçı müəllimə bildirib.

Bakı şəhər sakini Rəhman Qarayev də deyir ki, 2022-ci ildə 15 min manata qədər kredit götürüb. İndi sosial gəlirlərinin gecikməsinə görə bank ödənişləri də gecikir.

"Bu mənə təkcə birbaşa maddi zərər vurmur, müştəri kimi etibarımı da zədələyir. Mən pensiyaya çıxdıqdan sonra bizneslə məşğul oluram və kredit üçün tez-tez banka müraciət edirəm. Amma bu gecikmələr kredit tarixçəmə mənfi hal kimi düşür və artıq kredit almağım çətinləşir. Bu da biznesimə təsir edir. Məni faizlərdən çox narahat edən budur. Başa düşmürlər ki, pensiyanı 10 gün gec vermək bizim üçün nələrə səbəb olur", - deyə o fikrini tamamlayıb.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi rəqəmlərə görə hazırda ölkədə 1 milyon 95 min 968 nəfər pensiyaçı var. Bunlardan 184 min 222 nəfəri işləyən, 911 min 736 nəfəri işləməyən pensiyaçıdır.

Pensiya ödənişlərində əvvəlki dövrlə müqayisədə gecikmələrin olmasını milnlərlə insan müxtəlif formalarda həyatında hiss edir.

Bəs dəyən maddi zərərlə bağlı kompensasiyalar və ya güzəştlər olacaqmı?

Geri qayıt