Əsas Səhifə > Üst manşet, Güney Press > Naxçıvanda hamilə qadını HİV- yoluxdurdular
Naxçıvanda hamilə qadını HİV- yoluxdurdular2-12-2024, 06:39 |
Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində qan analizlərinin yoxlanması nəticəsində hamilə qadının HİV-ə (immun çatışmazlığı virusu) yoluxduğu bildirilir. Bu barədə Meydan TV-yə zərərçəkmişin yaxınlarından biri məlumat verib. Məlumatda bildirilir ki, Naxçıvanda Perinatal Mərkəzdə müalicə alan hamilə qadına Ü.Q. (onun kimliyi Meydan TV-yə məlumdur, etik qaydaları nəzərə alaraq, ad-soyadını tam açıqlamırıq) anemiya diaqnozu qoyulub. Bu üzdən ona təcili qan köçürülməsinə ehtiyac olub. Əvvəl xəstəxanadan qan alınaraq vurulub, lakin kifayət etməyib: “Sonra qadınla eyni qan qrupu olan yaxın qohumlarından birini qan verməsi üçün çağırıblar. Amma xəstəxanadan onu göndəriblər ki, əvvəl gedib QİÇS-lə Mübarizə Mərkəzində yoxlamadan keçsin, sənəd gətirsin ki, qan təmizdir, başqasına köçürülə bilər. O da gedib, deyib ki, qan verməliyəm, yoxlayın mənim qanımı. Orada qanını normal şəkildə yoxlamadan, təmiz olması barədə sənəd verilib. Gətirib, onun qanını hamilə qadına köçürüblər”. Bir neçə ay sonra qadın uşaq dünyaya gətirəndə xəstəxanada ondan qan analizi götürülüb. Bu zaman anada HİV virusu aşkarlanıb. Lakin uşaqda bu virus tapılmayıb. Həkimlər qadının bu xəstəliyə necə yoluxduğunu müəyyənləşdirmək üçün onun həyat yoldaşını da müayinələrə cəlb edib. Lakin kişidə də HİV tapılmayıb. Araşdırmalar zamanı nəzərə alıblar ki, bir neçə ay əvvəl qan azlığı ilə əlaqədar Perinatal Mərkəzdə qadına iki dəfə ayrı-ayrı şəxslərin qanı vurulub. Onlardan biri xəstəxanadan alınmış qan, ikincisi isə qohumunun qanı olub. Hər iki şəxsin qanı yenidən yoxlanılıb. Bu zaman qadının qohumunun qanında da HİV aşkarlanıb. Aydınlaşıb ki, onun qanını QİÇS-lə Mübarizə Mərkəzinin laboratoriyasında həkim normal şəkildə yoxlamayıb və belə bir vəziyyətdə şöbə müdiri Hüseyn Mikayılov sertifikat verib. Nəticədə 23 yaşlı Ü.Q. QİÇS xəstəliyinə yoluxub. Deyilənləri Naxçıvan MR prokurorluğundakı mənbə də Meydan TV-yə təsdiqləyib. Prokurorluqdan bildirilib ki, deyilənlər həqiqətdir, hətta Cinayət Məcəlləsinin 140.4 (xidməti vəzifələrin lazımınca yerinə yetirməməsi nəticəsində başqasını immun çatışmazlığı virusu ilə yoluxdurma) maddəsilə cinayət işi başlanıb, həkim-laborant cinayət məsuliyyətinə cəlb olunub: “Qan verən şəxs dindirmədə deyir ki, QİÇS-lə Mübarizə Mərkəzində qan götürəndən 20 dəqiqə sonra ona cavab verdilər. Halbuki, HİV virusunun olub-olmaması ilə bağlı cavab üçün iki saat lazımdır. Deməli, normal yoxlama aparılmayıb”, – Meydan TV-yə bildirilib. Xəstəxanadan da baş verənlərin dəqiqliyini təsdiqləyiblər. QİÇS-lə Mübarizə Mərkəzi 2015-ci ilin iyul ayında ləğv edilərək, QİÇS-lə mübarizə şöbəsi kimi, Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyinə verilib. Geri qayıt |