Əsas Səhifə > Üst manşet, Güney Press > Vasif Talıbovun yaratdığı PROBLEM...

Vasif Talıbovun yaratdığı PROBLEM...


Bu gün, 09:48
Vasif Talıbovun yaratdığı PROBLEM...
Haqqı əlindən alınmış vətən fədailərindən biri də Naxçıvan Muxtar respublikanın Culfa rayonun sakini - birinci Qarabağ müharibəsinin 16 yaşlı könüllü iştirakçısı, ikinci qrup müharibə əlili Vüqar Qasımovdur.

Vüqar Qasımov bildirir ki, illərdir Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Naxçıvanın keçmiş "xan"ı Vasif Talıbovun xanlığı dövründə onun 4 iaşə obyekti zorla əlindən alınaraq, sökülüb. Əvəzində isə heç bir qarşılıq ödənilməyib. Hətta, uğradığı ziyana görə bir evini satdığını, bir evinin isə bank tərəfindən kredit qarşılığında müsadirə olunduğunu deyir.

Bir neçə ildir ki, haqqını geri almaq üçün tam qanuni şəkildə mübarizə aparsa da, buna nail ola bilməyən müharibə əlili Vüqar Qasımov nə rəsmi müraciətlərin, nə də yola vermək məqsədilə keçirilən 11 məhkəmə prosesinin heç bir fayda vermədiyini deyir. Onun sözlərinə görə Culfa rayon məhkəməsinin hakimi Hicran Muradov ona yaşadılan milyonlarla manat dəyərində zərərin qarşılığında təklif olunan bir neçə sot yararsız boş torpaq sahəsini qəbul etməsini tövsiyə edib. O, haqlı olaraq, bununla razılaşmayıb, etiraz etdiyində isə Vüqar Qasımovun sözlərinə görə, keçmiş "ağasına sadiq"lik nümayiş etdirən hakim ona, " mənlik heç nə yoxdur, yuxarıdan mənə tapşırsınlar, mən də qərar verim" deyə bildirib.

Yəqin, elə "yuxarının tapşırığı"dır ki, sözügedən hakim keçirdiyi 11 məhkəmə prosesinin hamısını baxış prosesi kimi həyata keçirib.

Vasif Talıbovun yaratdığı PROBLEM...

Səsini ölkə başçısına rəsmi qaydada çatdıra bilməyən çarəsiz müharibə əlili az müddət əvvəl özü öz ağzını iynə-sapla tikərək, düz 20 gün aclıq aksiyası keçirdi. Lakin, yenə də keçmiş xanın günahlarını yumağa borclu olan məmurların (hansı ki, Vüqar Qasımovun iddiasına görə ona məxsus obyektlərin yerində qurulan işlər indi həmin qurumlara və rəhbərliyinə xidmət edir) heç "tükləri də tərpənmədi".

Bunun ardından Vüqar Qasımov prezident administrasiyası qarşısında təkbaşına aksiya keçirməyə cəhd etdi. Görünür bu cəhdi də nəticəsiz qaldı.

Qeyd edək ki, ötən həftə "DogruXeber.az" olaraq tərəfimizdən Vüqar Qasımovun müraciəti əsasında, surəti birinci vitse-prezidentə, ombudsman aparatına, Baş Prokurorluğa, Məhkəmə Hüquq Şurasına, Naxçıvan nümayəndəliyi və Ali Məclisinə göndərilməklə ölkə başçısına rəsmi müraciət ünvanlanıb.

Güman edirik ki, ən qısa zamanda müharibə əlili Vüqar Qasımovun əlindən alınmış hüquqları bərpa olunacaq.

Mövzu diqqətimizdədir.

DogruXeber.az

Geri qayıt