Əsas Səhifə > Üst manşet, Güney Press > Qubada kəndli torpaqsız qalıb...
Qubada kəndli torpaqsız qalıb...Bu gün, 08:36 |
Quba rayonunun ucqar kəndlərindən olan Çarxaçu kəndinin sakinlərinə qarşı qanun pozuntusu edilib və qanuni haqları olan pay torpaqları mənimsənilib. Redaksiyamıza müraciət edən sakinlər deyir ki, vaxtilə kəndin balansında olan əkinə yararlı torpaqlar bələdiyyə sədri və digər məmurlar tərəfindən qəsdən kəndin balansından çıxarılıb və qanunsuz olaraq qonşu Xaltan kəndinin balansına salınıb. Bunu Xaltan kənd icra nümayəndəsi, aqrar islahat komissiyasının sədri Rafiq Tayibov 1995-97-ci illərdə təşkil edib. Kənd sakinləri deyir ki, bu şəxs həmin kəndin sakini olduğu üçün ərazini sonradan mənimsəmək üçün qanunsuz olaraq o kəndin balansına keçirtdirib. Hansı ki, bu torpaqlar kənd sakinlərinə pay torpağı kimi ayrılmalı idi. Bu torpağın əvəzində isə onlara heç nəyə yaramayan, daşlı-qayalı ərazidən pay torpağı veriblər. Həmin ərazi çay yatağıdır, oraya nə yol var, nə də əkiləsi imkan. Ərazi tamamilə daş-qayalıqdan, gil torpaqdan ibarətdir. Bunları müraciət əsasında həmin kəndə çəkiliş üçün gedərkən öz gözümüzlə gördük və lentə aldıq. Kənddən 7-8 km aralıda olan bu əraziyə yalnız daşlı-qayalı çay yatağı ilə getmək mümkündür, o da yalnız UAZ maşını ilə və çayda su olmayan vaxtlarda. Bəxtimizdən çayda su az idi və UAZ-la daşlıq-qayalıq çay yatağında 1 saatdan artıq mübarizə apardıqdan sonra çalxalanmaqdan əldən düşmüş halda əraziyə çata bildik. Sakinlər əraziyə müvafiq idarələrdən mütəxəssis də dəvət ediblər və onlar da rəsmi sənədlə rəy verib ki, bu ərazi istifadəyə tamamilə yararsızdır. Nəticədə kənd sakinləri torpaqsız qalıb. Sakinlər deyir ki, bu torpaq bələdiyyə xəritəsində qonşu kəndə verilmiş görünür, amma orada nə möhür var, nə də kiminsə imzası. Bilinmir ki, kim necə, hansı əsasla torpağı bu kənddən alıb sakinlərin qanuni almalı olduqları pay torpağına kim sahib çıxılıb. Sovet dövründə kəndin əhalisi 500 nəfər civarında olub. Hazırda isə əhalisi 200 nəfər civarındadır. Çünki kəndlilərin əkib-becərmək üçün torpağı yoxdur və dolanışıqları çox ağırdır. Bu səbəbdən kənd sakinlərinin çoxu kənddən köçüb başqa yerlərə gedir. Kənddə boş qalmış evlər çoxdur. Cəmi 25-30 evdə yaşayış var. Qeyd edək ki, kənddə nə qaz var, nə tibb məntəqəsi, nə internet, nə də yol var. Dağ-dərə arası ilə kəndə gedən təhlükəli yol o dərəcədə daşlı-qayalı və darmadağın vəziyyətdədir ki, onu yol adlandırmaq mümkün deyil. Yalnız UAZ və Niva markalı maşınlar bu yolu birtəhər gedə bilir. Onlar da 1-2 gedişə xarab olur. Buna görə də rayon mərkəzindən bu kəndə maşın 70 manata aparır. Qış dövründə isə bu yolla gedib gəlmək mümkün deyil. Hər hansı bir xəstəni təcili olaraq rayon mərkəzinə çatdırmaq saatlarla vaxt aparır və böyük xərc tələb edir. Kəndin heç bir dolanışıq yeri yoxdur, yalnız həyətlərində bir neçə meyvə ağacı, toyuq-cücə, bir iki heyvan saxlamaqla birtəhər vəziyyətdən çıxırlar. Kənd sakinləri ölkə başçısından və müvafiq dövlət orqanlarından öz qanuni haqlarının təmin edilməsini, onların pay torpaqlarının verilməsini xahiş edirlər. Qeyd edək ki, kəndin yaxınlığında 30 hektar yararlı torpaq sahəsi var, lakin onu da sakinlərə vermirlər ki, bura Xaltan kəndinin örüş yeridir. Bu yer qanunsuz əməliyyatdan əvvəl bu kəndin balansında olub. Həmin ərazi hər ailəyə cəmi 1 hektar ayrılmaq şərtilə bütün kənd sakinlərinə kifayət edər. Kəndin həyat şəraiti ilə yerində tanış olduqda başa düşmək olur ki, əgər sakinlərin əkin torpağı qaytarılmasa tezliklə kənd boşalacaq, sakinlər oradan köçməyə məcbur olacaqlar. Qanuna görə, kənd sakinləri əkinə yararlı pay torpağı ilə təmin olunmalıdır. Lakin bu qanun bu kəndə şamil edilməyib. Və sakinlər hələ də öz pay torpaqlarını ala bilməyiblər. Vəziyyətlə ətraflı şəkildə hazırladığımız reportajda tanış ola bilərsiniz. Qeyd edək ki , Analoq.az olaraq adıçəkilən kənddə çəkiliş apararkən Quba rayonu Xaltan kənd bələdiyyəsinin sədri Budaq Şixnəsirli ilə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də buna nail ola bilmədik. Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq. Analoq.az Geri qayıt |