Əsas Səhifə > Üst manşet, Güney Press > Bu nə qanundur, nə qaydadır?..
Bu nə qanundur, nə qaydadır?..6-11-2024, 08:22 |
“Bakının Nərimanov rayonundakı 200 nömrəli Məktəb-Lisey Kompleksinin rəhbərliyi dərs zamanı şagirdlərin tualetə getməsinə qadağa qoyub”. Bunu Meydan TV-yə adının anonim qalmasını istəyən şagirdlərdən biri deyib. Onun sözlərinə görə, məktəb rəhbərliyi şagirdlərə dərs zamanı təbii ehtiyaclarını ödəməyə icazə vermir. “Bu qərarın şagirdlərin sağlamlığına və rahatlığına ciddi şəkildə mənfi təsir etdiyini düşünürəm. İctimaiyyətin bu məsələyə diqqətini cəlb etmək və problemin həllinə dəstək göstərməyinizə ümid edirəm”, – şagird deyib. 200 nömrəli Məktəb-Lisey Kompleksindən Meydan TV-nin zəngləri cavablandırılmayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən isə bildirilib ki, anonim müraciətlər araşdırılmır. Təhsil eksperti Elçin Əfəndi Meydan TV-yə bildirib ki, “Təhsil haqqında” Qanunda belə bir məhdudiyyət yoxdur: “Təbii ehtiyaclarını ödəmək istəyən şagirdlərə qadağa qoyula bilməz. Belə bir qadağa qanunvericilikdə əksini tapmayıb. Hər hansısa bir şagird təbii ehtiyacını ödəmək bəhanəsilə hər dəfə dərsi pozursa, məhz həmin şagirdə tətbiq oluna bilər. O da sinif və ya müəssisə rəhbərliyinin qərarı əsasında edilə bilər. Bütün məktəbə belə bir qadağa tətbiq etmək olmaz”. “Məktəb rəhbərliyi tərəfindən belə qərar verilibsə, valideynlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və yaxud da Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər”, – ekspert deyib. Geri qayıt |