Əsas Səhifə > Üst manşet, Güney Press > Vergi Xidmətində KÖHNƏ PRİNSİPLƏR...
Vergi Xidmətində KÖHNƏ PRİNSİPLƏR...8-10-2024, 08:33 |
"Son illərdə Dövlət Vergi Xidməti yeri gəldi-gəlmədi sahibkarlara əsassız vergilər hesablayır. Ədalət naminə demək lazımdır ki, vergi orqanlarından edilən şikayətləri inzibati məhkəmələr təmin edir. Amma əksər sahibkarlar məhkəməyə müraciət etmir, vergi orqanı ilə danışıqlar yolunu üstün tutur". diaaz.space xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib. "Başqa bir problem də həqiqətən tutulmalı olan verginin tutulmamasıdır. Sıravi vergi ödəyicisinin başına oyun açırlar vergidən yayınma hallarına görə. Bəzən isə əksinə - tədbir görmürlər..." deyə giley edən Ə.Həsənov daha sonra əlavə edib: "Bildiyimiz kimi, tikinti şirkətləri tikdikləri çoxmənzilli binaları sakinlərin ixtiyarına vermir və qanunsuz olaraq onları idarə etməyə davam edirlər. Bu əsnada vergidən də yayınırlar. Deməli, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 7 ünvanında yerləşən çoxmənzilli binanı eyni şəxsə mənsub olan (rəhbəri və işçiləri də eynidir) iki şirkət idarə edir: “MKS-3” MMC və “MKS-4” MMC. Halbuki, Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə əsasən çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Məcəllənin tələbi niyə pozulub? Ona görə ki, bu şirkətlərin sahibi vergidən yayınmaq istəyib. Bir biznesi iki şirkət arasında bölüb ki, illik dövriyyə 200 min manatı ötməsin və ƏDV vergisi ödəyicisi olmasın. Özü də bütün bunlar sözdə deyil. Tikinti şirkəti guya binada qiyabi səsvermə keçirib və sakinlər könüllü olaraq idarəetməni iki şirkət arasında bölməyə razılıq veriblər. 39 sakinin (hamısı da qazi-zabitlər) adından məhkəmədə iddia qaldırdım ki, bina qanunsuz idarə olunur. Çoxsaylı dəlillərin arasında həmçinin o da var idi ki, binanı iki şəxs idarə edə bilməz. Lakin Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilov qətnamə (apellyasiya şikayəti vermişəm) çıxartdı ki, hər iki MMC-nin təsisçisi eyni şəxs olduğu üçün binanı elə bir şəxs idarə edir! Yəni 1+1=1!!! Elə bu qətnaməyə istinadən vergi orqanına müraciət etdim ki, bu MMC-lər bir biznesi qanunsuz olaraq aralarında bölüblər ki, vergidən yayınsınlar, tədbir görün! 6 aydan çox vaxt keçib, amma heç bir tədbir görülməyib. Dəfələlərə vergi orqanının əməkdaşları ilə də görüşüb izah etmişik. Hamısı deyir ki, bəli, düz deyirsiz, burada vergidən yayınma halı aşkardır. Amma heç nə etmirlər. Başqası olsaydı, vergi orqanı çoxdan ona vergi, faiz və cərimə hesablayardı. Üstəlik barəsində cinayət işi də açardı. Amma bu MMC-lərin arxasında kim durubsa, vergi orqanı heç nə etmir ki, etmir. Buna görə də bundan sonra vergi ödəyicilərini müdafiə edəndə vergi orqanına həmişə bu işi xatırladıb deyəcəyəm (və yazacağam): “Necə olur ki, o işdə heç nə etmədiz, bu işdə isə bizdən nə isə tələb edirsiz?” Bir sözlə, vergi orqanının qanuni, şəffaf və qərəzsiz işləməsi mifdir. Könhə hamam, köhnə tas..." Geri qayıt |