Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNƏ QARŞI HAKİMİYYƏT KOALİSİYASI

FHN ŞEFİNƏ QARŞI HAKİMİYYƏT KOALİSİYASI


26-09-2012, 11:53
FHN ŞEFİNƏ QARŞI HAKİMİYYƏT KOALİSİYASI

RƏQİBLƏRİ KƏMALƏDDİN HEYDƏROVU BİTİRMƏK ÜÇÜN BİRLƏŞƏ BİLƏR

DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərova qarşı hakimiyyət içində yeni koalisiya yaranmaq üzərədir. Bu barədə məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlarımız tərəfindən verilib. Mənbə iddia edir ki, son zamanlar iqtidariçi münasibətlər müstəvisində çox ciddi mövqelər əldə edən Kəmaləddin Heydərovun bu statusu bir çoxlarının - xüsusən də Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin maraqlarına heç nə ilə uymur.

Bildirək ki, Kəmaləddin Heydərov da eynən Ramiz Mehdiyev kimi Rusiyaya bağlı siyasi fiqurlardan hesab olunur və məhz bu əlaqələrinin sayəsində FHN şefi Ramiz Mehdiyevlə 2005-ci ildə ortaq hərəkət edərək keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev kimi güclü rəqiblərini zərərsizləşdirməyə müvəffəq olmuşdu.

İndi isə rəqibsizlik mühiti hakimiyyətin bu iki nəhəng fiqurunu bir-birinə qarşı qoymaqdadır. Hər halda, Rusiyanın Bakıda ikinci «canişin» saxlamasını hər türlü yollarla əngəlləmək xəttini tutan PA rəhbəri elə bu səbəbdən zamanında digər keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevi də sıradan çıxarmağa müvəffəq olmuşdu. Və bildirilənə görə, bu işdə Mehdiyevə əsas dəstək verənlərdən biri də məhz Kəmaləddin Heydərov idi.

Artıq dəncələrin dəyişdiyi və bu dəyişən münasibətlər fonunda Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin maraqlarının toqquşduğunu söyləyən mənbəmiz bildirir ki, burada həm Kremlə yaxınlıq faktoru var və həm də iqtisadi-siyasi maraqların bir-birini döyməsi: «Onlar nəhayətdə üz-üzə gəlməli idilər və artıq bu baş verməkdədir. 2013-cü ilin prezident seçkiləri ərəfəsində ən gərgin döyüşlər də məhz bu iki iqtidar nəhəngi arasında cərəyan edəcək».

Onu da xatırladaq ki, dünənə qədər Kəmaləddin Heydərova qarşı cəbhənin səngərində yer alanlar arasında nəqliyyat naziri Ziya Məmmədovun da adı çəkilməkdə idi. Bunu xatırladan məlumatlı qaynaq bildirir ki, Ramiz Mehdiyev üçün bu gün batan gəmini xatırladan Ziya Məmmədovu öz yanına çəkmək o qədər də çətin olmayıb: «Artıq NN şefini də antiHeydərov koalisiyasında hesab etmək olar. Sadəcə olaraq bu proses güclərin birləşdirilməsidir».

Buradan isə belə bir nəticə çıxır ki, gələn il Kəmaləddin Heydərov üçün çox ağır keçəcək. Ən azından rəqiblərinin miqyası belə deməyə əsas yaradır.

Geri qayıt