Əsas Səhifə > Siyasət, Manşet > SOCAR-DAN OĞURLANAN VERGİ PULU NƏ QƏDƏRDİR?

SOCAR-DAN OĞURLANAN VERGİ PULU NƏ QƏDƏRDİR?


25-09-2012, 09:46
SOCAR-DAN OĞURLANAN VERGİ PULU NƏ QƏDƏRDİR?

ƏN AZINDAN VETERANLARIN DURUMUNU YAXŞILAŞDIRMAQ MÜMKÜNDÜR

DİA.AZ: - Yerli mətbuatda ayrı-ayrı məmurlara yaxın şirkətlərin, müəssisələrin vergidən yayınması, dövlət büdcəsindən pul gizlətməsi barədə məlumatlar yayılsa da, bu kimi faktlar hər zaman qulaqardına vurulub. Hətta antikorrupsiya proseslərinin qızğın vaxtlarında belə kimsə bu tipli əsaslarla cəzalandırılmadı.

Əksinə, daha çox müxalifət mətbuatına qarşı bir cəza üsulu kimi işlənən vergidən yayınma ittihamı bu gün KİV-lər üçün xarakterik suçlamaya da çevrilib.

Amma faktdır ki, bu gün məmurlarımız öz bizneslərində dövlətin vergi qanunlarını hər addımda tapdayır. Hətta Dövlət Neft Şirkətinə məxsus «SOCAR» yanacaqdoldurma məntəqələrinin əksəriyyətində kassa aparatlarının olmaması, olanlarda da kassa aparatlarının daha çox dekorativ görüntü əhəmiyyəti daşıması dediklərimizin ən bariz sübutlarından biridir.

Bununla bağlı DİA.AZ-a açıqlama verən hökumət içindəki qayğanı sözlərindən belə aydın olur ki, konkret olaraq SOCAR YDM-lərində bir ay ərzində dövlət büdcəsindən 3-4 milyon manat arası vergi pulu gizlədilir: «Təbii ki, bu az vəsait deyil və bu pulla çox böyük işlər, dövlətin bir çox problemlərini yoluna qoymaq mümkündür. Ən azından Qarabağ əlillərinin, şəhid ailələrinin müavinətlərini artırmaq olar. Amma diqqət yetirin, bu qədər pul bir neçə şəxs arasında bölüşdürülür».

Biz də dünən gün boyu SOCAR-a aid bir neçə yanacaq doldurma məntəqəsində olduq və şahidlik etdik ki, həqiqətən də Rövnəq ABdullayevin YDM-lərində kassa apparatı barədə ümumiyyətlə, düşünən yoxdur. Hətta əməkdaşlarımızdan biri kassa çeki tələb etdiyi zaman, Bibiheybət qəsəbəsindəki YDM-nin mühafizəçiləri belə işə qarışaraq, əməkdaşımızı demaqoqiya ilə məşğul olmamağa çağırdı. Yəni belə bir nəticə çıxır ki, Rövnəq Abdullayevin YDM-lərini vergi ödəməyə çağırmaq, demaqoqiya imiş. Bərəkallah…

Geri qayıt