Əsas Səhifə > Cəmiyyət > AH, BU TOY...

AH, BU TOY...


1-11-2011, 15:01
AH, BU TOY...

CİBİMİZİ BOŞALDAN “GÖZƏL EL ADƏTİ”

Son illər Azərbaycanda "Şadlıq evi" biznesi yerli sahibkarlığın sürətlə artan növlərindən birinə çevrilib. Addımbaşı dəbdəbəli binaya - "Şadlıq evi"nə rast gəlmək olar. Bəs, onlardan gücün çatan və ürəyincə olanını, həm də əvvəlcədən seçilmiş tarixə uyğun gələnini necə tapasan?

"Şadlıq evləri"ndən birinin sahibi Vaqif Sadıxlının Turan-a bildirdiyi kimi, Bakıda "Şadlıq evləri" qiymət və şıqlıq baxımından bir neçə növə bölünür. Əgər siz menyusu adambaşına 20-40 manat olan sadə toy etmək istəyirsinizsə, onda birbaşa hələ keçmiş sovetlər dövründə tikilmiş şadlıq evlərinə üz tutun. Onlar, əsasən, Yasamal və Binəqədi rayonları ərazisində yerləşir. Kosmetik təmir edərək, bu müəssisələrin sahibləri sizə kiçik, sadə zal və ucuz menyu təklif edə bilərlər. Video çəkilişləri də burada baha deyil, çünki onların bunun üçün tələb olunan xüsusi şəbəkəsi yoxdur. Ən yaxşı halda nurla müşayiət olunan musiqiyə ümid bəsləmək olar. Lakin bu cür "Şadlıq evi"ni tapmaq asan deyil, çünki onlar ilbəil sayca azalır və yeni "Şadlıq evləri" ilə əvəz olunur.

"Şadlıq evləri"nin digər növünün xidmətləri çox baha başa gəlir. Onlar, əsasən, Babək prospektində yerləşir. Bu, nəhəng, 3- bəzən isə 4-mərtəbəli, 400-nəfərlik böyük zalları olan binalardır. Və menyu da burada o qədər də ucuz deyil - adambaşına 50 manatdan 120 manata qədər. Əgər sifarişi maksimum üzrə etsəniz, menyuya qara və qırmızı kürü, bir neçə növ kabab daxil ediləcək, hələ böyük çeşiddə qəlyanaltı, "təndir"də qızardılmış ov quşları da daxil olmaqla, isti xörəkləri deməyirik. Bu cür restoranlarda gəlin üçün avtomobil, həmçinin tort pulsuz təqdim edilir. Bundan başqa, restoran müdiriyyəti təzəbəy və gəlinə müxtəlif hədiyyələr verir. Sifarişlər əvvəlcədən qəbul olunur. Bahalı olduğuna baxmayaraq bu cür "Şadlıq evləri" hər şənbə və bazar günləri, adətən, tulmuş olur.

Restoranların üçüncü kateqoriyasına daha sadə toylar üçün nəzərdə tutulmuş "Şadlıq evləri" aiddir. Burada menyu 30 manatdan 60 manata qədər təşkil edir. Zallar böyük olmasa da monitor, keyfiyyətli nurla müşayiət olunan musiqi ilə təchiz olunub və bəy və gəlin üçün avtomobil müdiriyyət tərəfindən pulsuz təqdim edilir.

Fəqət şadlıq evini tapmaqla iş qurtarmır. Bundan başqa, müğənni və toy paltarı barəsində də düşünmək lazımdır.

Bütün restoranlar, bir qayda olaraq, müştərilərinə öz musiqiçilərini təklif edir. Adətən, bu xidmət, müğənninin məşhurluq dərəcəsindən asılı olaraq, 1500 manatdan başlayıb 5000 manata qədər məbləğə başa gəlir. Əgər siz hansısa bir "ulduzu" dəvət etmək istəyirsinizsə, bu da problem deyil. Necə deyərlər, musiqini haqqını ödəyən çaldırır. Super "ulduz"ların dəvət olunması 3 min manatdan 8 min manata qədər başa gəlir. Həm də ki, burada söz yalnız 1-2 mahnı ifa etməkdən getmir. Həmçinin şoumen və məşhur komik aktyorları da dəvət etmək olar. Bunun üçün əlavə olaraq 1-3 min manat xərc çəkmək lazımdır.

Toy paltarını Bakıda, adətən, birovuz (kirayə) alırlar və istehsalçı firmanın adından asılı olaraq bunun dəyəri 1 günə 150-1000 manat təşkil edir.

Qeyd edək ki, Bakıda "Şadlıq evi" xidmətlərinin haqqı nağd pulla ödənilir. Demək olar ki, heç bir restoran pulu bir hesabdan başqasına keçirtmə yolu ilə qəbul etmir, hələ post-terminalları deməyirik. Onların çoxunda kassa aparatları yoxdur və bu, Vergilər Nazirliyinin kassa aparatı və post-terminallardan icbari istifadə olunması üzrə siyasətini sərtləşdirdiyinə rəğmən baş verir.

Sadıxlının sözlərinə görə, hər bir "Şadlıq evi"nin öz himayəçisi var. Ən dəbdəbəli "Şadlıq evləri"nin arxasında yüksəkvəzifəli məmur, nazir, nazir müavini və millət vəkilləri durur. Elə restoranlar da var ki, onlara icra hakimiyyətinin nümayəndələri və s. hamilik edir. "Bu ölkədə hamisiz biznes təşkil etmək mümkün deyil, buna cəhd göstərdikdə isə tezliklə müflis olarsan", - deyə müsahibimiz vurğulayıb


Geri qayıt