Əsas Səhifə > Cəmiyyət > “AZADLIQ AŞİQİ” TƏNHADIR
“AZADLIQ AŞİQİ” TƏNHADIR1-11-2011, 13:58 |
NEMƏT PƏNAHLI KAMERADA TƏK SAXLANILIR “Nemət Pənahlı öz istəyinə uyğun olaraq kamerada tək saxlanır”. Vəkil Samir İsayev “Media forum” saytına açıqlamasında belə deyib. Samir İsayevin sözlərinə görə, Nemət Pənahlı bir müddət əvvəl Bakı İstintaq Təcridxanasında ciddi təzyiqlərlə üzləşib: “Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev məsələyə müdaxilə edərək Nemət Pənahlının işini şəxsən nəzarətə götürdü. Bundan sonra vəziyyət dəyişdi. İndi onu heç kim narahat etmir, təzyiq yoxdur. Əvvəllər Nemət Pənahlı ilə bir kamerada saxlanan şəxslər onu əsəbiləşdirirdilər. Kameradakı adamlar dəyişsə də, vəziyyət dəyişmirdi. Bilmirəm bunu qəsdən edirdilər, yoxsa onun kamerasına düşənlər problemli adamlar olurdu. İndi ikinəfərlik kamerada tək saxlanır. Bunu özü istəyib. Gününü yazmaqla, kitab oxumaqla keçirir. Həm siyasi mövzuda, həm də lirik janrda çox yaxşı şerlər yazıb”. Samir İsayev bildirib ki, Nemət Pənahlının saxlanma şəraiti yaxşı olsa da, səhhətində ciddi problemlər mövcuddur: “Onda böyrək çatışmazlığı, şəkər xəstəliyi var. Eyni zamanda həbsxana şəraiti Nemət Pənahlıya pis təsir edir”. Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı bu il silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır. Geri qayıt |