Əsas Səhifə > Siyasət, Manşet > «AZƏRSUN» ORTA SAHİBKARLARI NECƏ MƏHV EDİR?
«AZƏRSUN» ORTA SAHİBKARLARI NECƏ MƏHV EDİR?21-09-2012, 11:25 |
ABDOLBARİ GOZAL HAKİMİYYƏTDƏKİ DAYAQLARI HESABINA AT OYNADIR DİA.AZ: - Bu gün Azərbaycanda sıradan bir şəxsin hansısa iqtisadi sahəni hətta təbii yolla belə inhisara alması imkansızdır. Doğrudur, Azərbaycan kimi ölkələrdə təbii monopolistlər tək-tük hallarda ortaya çıxır. Amma hətta bu şəraitdə belə, təsadüfi adamların görünməsi imkansızdır. Təbii ki, kağız üzərində biz də normal qanun və qaydaları olan ölkələrdən biriyik. Hətta Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparan bir dövlət qurumu - İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti də fəaliyyətdədir… Amma çifayda?! Bu gün İİN-nin antiinhisar xidməti monopolistlərə qarşı mübarizə aparmaqdansa, onların fəal keşikçisinə çevrilib. Diqqət yetirin, Şahin Mustafayevin nazirliyinin bu xidməti bu gün bazarda xırda limonad sexlərini ona görə hədəfə aldı ki, bu bazar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun «Jalə» şirələri üçün boşaldılmalı idi… Dondurma istehsal edən xırda sexlər ictimaiyyətin gözündə ona görə qara eynəkdə təqdim olundu ki, artıq bu bazar da «Palmali» Mübariz kimi monopolistlər üçün açılmalı idi… İİN-nin antiinhisar xidməti ona görə Bakıdakı 17 duz itehsalçısının evini yığdı ki, artıq «Azərsun» Holdinq Masazırdakı duz gölünü hasarlamışdı və orada bir duz zavodu da yaratmışdı… Bu kimi faktlar yetərincədir. Yəni göründüyü kimi, İİN-nin məlum xidməti inhisarçılığa qarşı mübarizə aparmaqdansa, onların əlinə oynayır, onların maraqları naminə kiçik və orta sahibkarlıq sferasını ağlar günə qoyur. Bu gün faktdır ki, qida sənayesi bazarında «Azərsun» Holdinq şəriksiz liderdir. Bakıya gələndə cibində cəmi bir neçə milyonu olan, indi isə milyardları bank hesabında yatıran «Azərsun» Holdinqin şefi Abdolbari Gozalın milliyyətcə kimliyindən mətbuatda yetərincə yazılıb. Bu önəmli deyil. Ola bilər, Azərbaycan hədsiz tolerant ölkədir və bu ölkədə hətta erməni olaraq da ciddi mövqe sahibinə çevrilmək mümkündür. Necə ki, belələri yetərincədir. Önəmli olanı odur ki, belə bir mühüm strateji xətt hələ də Azərbaycana bağlı olan şəxslərin kontrolu altındadır. Bu isə imkan yaradır ki, «Azərsun» Holdinq həmçinin Azərbaycan vətəndaşlarının sağlıq durumunu da kontrolu altında saxlasın. Hər halda, bu gün Azərbaycan insanları «Azərsun» sənayesi nəyi istehsal edirsə, onu da yemək məcburiyyətindədir. Dükan və macazalar, supermarketlər bu gün «Azərsun»unun çoxprofilli ərzaq məhsulları ilə doludur və başqa istehsalat müəssisələrinin ərzaqlarına yalnız təsadüfi hallarda rast gəlmək olar. Bunun da səbəbləri var. Bu barədə DİA.AZ-a danışan orta ranqlı sahibkarlardan birinin söylədiklərindən belə aydın olur ki, onlar dükan və mağazalara məhsullarını təqdim edərkən çox ciddi problemlər yaşayırlar: «Bu gün məsələn, hansısa yerli düyü istehsalçısının mağazalarda məhsulunu satdırması çox çətin bir işdir. Dükan sahibləri aşkar surətdə imtina edirlər və səbəb kimi göstərirlər ki, «Azərsun»dan mal alırlar və əgər başqa bir firmadan eyni malı alarlarsa, o zaman «Azərsun»un nümayəndələri digər məhsullarını da ona verməkdən imtina edəcəklər». Bu yolla aşkar surətdə monopoliya yaradan «Azərsun»un əslində ərzaq bazarındakı sözügedən davranışları həm də bu şirkətin bazarda qiymətləri diqtə etməsindən də xəbər verməkdədir. Çünki mənbəmiz bildirir ki, hətta «Azərsun»un təklif etdiyi qiymətdən qat-qat aşağı qiymətə öz mallarını təklif etmələrinə baxmayaraq, market sahibləri yenə də onların məhsullarını götürmürlər. Bu isə öz növbəsində bazarlarda ərzağın hər zaman Abdolbari Gozal tərəfindən müəyyən olunmuş qiymətlərlə satışı anlamına gəlir. Onu da vurğulayaq ki, redaksiyamıza sahibkarlar tərəfindən «Azərsun» Holdinqin bazara çıxardığı ərzaqların qiymətləri ilə digər istehsalçıların ərzaqlarının qiymətləri arasındakı uçurum mahiyyətli fərqi əks etdirən sənədlər də təqdim olunub ki, əməkdaşlarımız bu yöndə ciddi araşdırma materialı hazırlayırlar. Bu səbəbdən yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |