Əsas Səhifə > Gündəm, Manşet > "BANK OF BAKU"DA TOTAL HƏBSLƏR PLANLAŞDIRILIR

"BANK OF BAKU"DA TOTAL HƏBSLƏR PLANLAŞDIRILIR


19-09-2012, 08:54
"BANK OF BAKU"DA TOTAL HƏBSLƏR PLANLAŞDIRILIR

MAHİR LƏNKƏRANLI İLƏ BAĞLI MƏSƏLƏNİN MİQYASI BÖYÜMƏK ÜZƏRƏDİR

DİA.AZ: - Azərbaycanın ən iri banklarından olan "Bank of Baku" ətrafında gərgin vəziyyət yaranıb. Sözü gedən bankda artıq ciddi araşdırmalara start verilib. Buna səbəb isə bir müddət əvvəl “Azəryolservis” ASC-nin şefi, deputat Cavid Qurbanovun sürücüsü Mahir Lənkəranlının (Quliyev) adına İran İslam Respublikasından böyük məbləğdə pul köçürmələri və əməliyyatları məhz "Bank of Baku" vasitəsilə həyata keçirdiyi olub.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Cavid Qurbanovun sürücüsü Mahir Lənkəranlı Azərbaycanda radikal dindarları maliyyələşdirmək məqsədi ilə "Bank of Baku"dan yetərincə istifadə edib. Bundan isə sözü gedən bankın rəhbərliyi xəbərsiz olmayıb. Sadəcə İrandan Mahir Quliyevin adına daxil olan milyonlarla vəsaitdən "Bank of Baku"ya böyük pay çatıb. Elə bu baxımdan sözü gedən bankın rəhbərliyi həmin əməliyyatları qeyri leqal həyata keçirib. Lakin Azərbaycanın hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı deputatın sürücüsünün radikal dindarları məliyyələşdirilməsi üzə çıxıb.

Bundan sonra Cavid Qurbanova xəbərdarlıq edilib. Cavid Qurbanov isə dərhal Mahir Lənkaranlını işdən qovub. Duyuq düşən Mahir Lənkaranlının isə İranda gizləndiyi deyilir. Hətta məlumatlarda bildirilir ki, Cavid Qurbanov sürücüsünü sadəcə işdən qovmaqla ona bir növ ölkəni tərk etmək üçün şərait yaradıb. Məlumatlara görə, artıq Mahir Lənkaranlının qiyməti milyon manatı keçən avtomobil kolleksiyası və villası hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilib. Ancaq hüquq-mühafizə orqanları hansısa səbəbdən bu məsələni məxfi saxlayır. Məlumatlarda həmçinin vurğulanır ki, "Bank of Baku" əvvəllər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olub. Fərhad Əliyev həbs ediləndən sonra bank nəqliyyat naziri Ziya Məmmədovun idarəçiliyinə verilib.

Xatırladaq ki, bir müddət əvvəl "Wikileaks" saytı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin məxfi teleqramını yaymışdı. Həmin sənəddə İran pullarının leqallaşdırılmasında "Bank of Baku"nun da adı çəkilirdi.

Bildirilirdi ki, Türkiyə vətəndaşlığı olan İran azərbaycanlısı Cəmşid Mahmudoğlu "Bank of Baku"nun böyük səhmdarıdır. O, həmçinin İranın sabiq prezidenti Rəfsancaninin oğlunun iş partnyorudur.

Şəhram Oromi da Türkiyə vətəndaşlığı olan İran azərbaycanlısıdır. Ticarət şirkəti var, Yaxın və Orta Şərqdə və Rusiyada fəal işləyir. 1995-ci ildən Hyundai-ın Azərbaycandakı distribütorudur. Sonradan İran rəhbərliyinin göstərişi ilə səhmlərinin böyük hissəsini "Bank of Baku"ya satıb.

O, iqtisadi inkişaf naziri Fərhad Əliyevin partnyoru olub. Sonuncunun həbsindən sonra onun payı Ziya Məmmədov arasında bölünüb.

Sənəddə İran İnqilab Qvardiyasının generalı Kamal Dərvişin də Ziya Məmmədovla ilişgiləri barədə məlumatlar yer alıb. Bildirilib ki, Dərviş 3 qardaşı ilə birgə 10 ildir ki, Azərbaycanda işləyir. İranda böyük infrastruktura və özəl yollara malikdir. Nəqliyyat naziri Ziya Məmmədovla əməkdaşlıq edir və onun vasitəsilə Azərbaycanda ən azı 8 yolun (Bakı-Astara, Bakı-Quba və s.) tikintisinə podrat alıb. Bakıdakı İran mənbələri iddia edirlər ki, Dərvişlər İran kəşfiyyatı ilə əlaqəlidirlər. Bunun sübutu Dərvişin xarici ölkələrə sərbəst gedib-gəlməsidir, baxmayaraq ki, İnqilab Qvardiyasının zabitlərinə bu, qadağan edilib.

Kamal Dərvişinin Ziya Məmmədovla yaxın əlaqələrini nəzərə alsaq, onun da çirkli pullarının "Bank of Baku" vasitəsilə yuyulmasını ehtimal etmək olar.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt