Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİR OQTAY ŞİRƏLİYEVİN ƏLİBOŞ HƏKİMLƏRİ

NAZİR OQTAY ŞİRƏLİYEVİN ƏLİBOŞ HƏKİMLƏRİ


17-09-2012, 13:21
NAZİR OQTAY ŞİRƏLİYEVİN ƏLİBOŞ HƏKİMLƏRİ

TTYS İŞÇİLƏRİ XƏSTƏ ÜSTÜNƏ BOŞ ÇANTA İLƏ GEDİR

DİA.AZ: - Səhiyyə sistemində cərəyən edən özbaşınalıqlardan dəfələrlə yazılmasına rəğmən özünü postunda kifayət qədər arxayın və toxunulmaz hiss edən səhiyyə naziri Oqtay Şirəliyev mətbuat səhifələrində qaldırılan problemləri ən yaxşı halda qulaqardına vurmaqla yetinir. Bu isə öz növbəsində səhiyyədəki «bespredel»in günü gündən çiçəklənməsi ilə müşaiyət olunmaqdadır.

DİA.AZ-a müraciət edən paytaxt sakini Əli Səmədağayev bildirir ki, bir neçə gün əvvəl azyaşlı körpəsinə yüksək hərarət və soyuqdəymə səbəbindən həkim çağırmalı olub: « Təcili Tibbi Yardım stansiyasının işçiləri sağ olsunlar, 5 dəqiqəyə evimizdə oldular. Amma nə faydası? Əllərindəki böyük çantanı səndirləyə-səndirləyə elə gətirdilər ki, sanki tibb dünyasının kəşf etdiyi bütün dərmanları çantalarında gəzdirirlər. Aydın oldu ki, onlarda hərarətin salınması üçün primitiv dərmanlar, hətta qiyməti 20 qəpiyə olan iynələr belə yoxdur. Məcbur qalıb, övladımın səhhəti naminə gecə saatı olmasına baxmayaraq, çalışan apteklərin birindən bütün tələb olunan dərmanları aldım. Təcili tibbi yardım maşını 5 dəqiqəyə gəlmişdisə, mənim dərman axtarışım 45 dəqiqə çəkdi».

Təcili Tibbi Yardım stansiyasının işçilərinin bu şəkildə xəstə üstünə getməsindən narazılığını bildirən şikayətçi bu barədə müvafiq dövlət qurumlarına, həmçinin səhiyyə nazirliyinə şikayət etdiyini də bildirdi: «Amma bunun da faydası yoxdur. Əksinə, mənə nazirlikdən adının çəkilməsini istəməyən məsul işçilərdən biri açıq şəkildə bildirdi ki, təcili tibbi yardım stansiyalarının dərmanları satışa çıxarıldığından burada nə TTYS rəisini, nə də xəstə üstünə gedən növbətçi həkimləri günahkar çıxarmaq olar».

Biz də DİA.AZ olaraq şikayət üzərə araşdırma apardıq və öyrəndik ki, deyilənlər həqiqətə uyğun imiş. Məsələn, Səbayel rayonu 3 saylı Təcili Tibbi Yardım Stansiyasının ambulanslarının ətraf ərazidəki apteklərin ən əsas müştərisi olmasına əməkdaşlarımız da şahidlik edib. Bu barədə danışan aptek işçilərindən biri bildirdi ki, TTYS-nin işçiləri davamlı olaraq onlardan müxtəlif dərmanları satın alırlar: «Biz də dəfələrlə soruşanda ki, sizə dərman verilmirmi? Bizə cavab verirlər ki, rəhbərlik dərmanın pulunu cibinə qoyur, biz də xəstə sahiblərindən aldığımız pula ambulans maşını dərmanla doldurmaq məcburiyyətindəyik».

Hər halda, bu faktların SN rəhbərliyi tərəfindən ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki Oqtay Şirəliyevin xəstə üstünə boş çanta ilə yolladığı həkimlərin hansı səviyyədə bilikli olması dərmanın olmadığı yerdə heç bir əhəmiyyət daşımır.

Geri qayıt