Əsas Səhifə > Gündəm, Manşet > «PALMALİ» RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İDDİALAR
«PALMALİ» RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İDDİALAR16-09-2012, 09:47 |
MÜBARİZ MƏNSİMOV NARKOMAFİYANIN BARONLARINDAN BİRİDİRMİ? DİA.AZ: - Müstəqilliyimizə qovuşduqdan sonra sevincli günlərimizin sayı kədərli günlərimizin sayı ilə müqayisədə olduqca az olsa da, hələ də bir dövlət olmağımız bunca problemlərin qarşılığında qürurvericidir. Amma hər kəs üçün durum bu şəkildə olmadığından və bəzilərinin Azərbaycan dövlətinə öz şəxsi çıxarlarını həlletmə vasitəsi kimi yanaşması səbəbindən üzüldüyümüz anlar da yetərincədir. Məsələn, keçən həftə fransalı ermənipərəst aktyor Jerar Depardyenin Azərbaycana buraxılması dövlətimizin idarəçiliyində təmsil olunan bir paralaranın hansı təhlükəli ovqatda olmasını sübuta yetirmiş oldu. Eləcə də Lənkəranda hansısa bir oliqarxın istəyilə Türkiyə kimi dövlətin diplomatik korpus açması da dövlət işlərinin oyuncağa çevrilməsi baxımından üzücü idi. Təbii ki, burada söhbət «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan gedir. Qeyd edək ki, zamanında Lənkərana Urumçidən ayrıca aviaxətt açdıran Mübariz Mənsimov yola saldığımız həftədə Lənkəranda Türkiyənin konsulluğunun açılmasına, qardaşının isə Türkiyə konsulu kimi fəaliyyət göstərməsinə nail oldu. Təbii ki, bunu adı bir çox qalmaqallarda hallandırılan Mübariz Mənsimovun Azərbaycan və Türkiyə dövlətləri üzərində qələbəsi kimi yozmaq da mümkündür. Çünki… Faktlara keçməzdən öncə, qeyd etməliyik ki, Mübariz Mənsimovun «Palmali» Şirkətlər Qrupunun başına keçməsi ilə bağlı müxtəlif əfsanələr dolaşmaqdadır. Sıradan bir gəmiçinin bu gün böyük bir oliqarxa çevrilməsinin sirri ilə bağlı yetərincə nağıllar qoşulsa da, DİA.AZ-ı bu barədə bilgiləndirən qaynaq qazanın altında əslində nəyin qaynadığını tam olaraq açıqlayır. Daxil olan informasiyalardan belə aydın olur ki, əslində bu gün «Palmali» şirkətinə aid gəmilər daha çox qaçaqmalçılıqla məşğuldurlar və bu işdə Azərbaycan dövlətinin rəhbərliyində təmsil olunan bir sıra şəxslərin nüfuzundan ortaq qismində də istifadə olunmaqdadır. Mənbəmiz Mübariz Mənsimovun beynəlxalq konsorsiumun qaranlıq çevrələri ilə gizli əlaqələrinin olmasını da bildirməklə yanaşı, ilginc faktları da açıqladı. Həmin bilgilərdən belə aydın olur ki, bu gün məhsullarını çox ucuz qiymətə satışa çıxaran «PalSüd» zavodundan tutmuş «Embavud» şirkətinə qədər və eləcə də Azərbaycanda Mübariz Mənsimova birbaşa və dolayı yollarla aid olan bütün iqtisadi rıçaqların hər biri əslində beynəlxalq narkomafiyanın xidmətində dayanmaqdadır. Məlumatlara görə, istehsal gücü kifayət qədər məhdud olan «PalSüd» zavodunun quru süd tələbi adı altında bu gün Azərbaycan sərhədlərindən görüntücə quru süddən fərqlənməyən narkotik məhsullarının - heroinin ölkəmiz vasitəsilə daşınması işi həyata keçirilir. Eynilə «Embavud» şirkətinin mebel sənayesində istifadə etdiyi preslənmiş taxta məmulatları da məhz narkotik daşımaçılığında bir bəhanə rolunu oynamaqdadır. Qeyd edək ki, bu faktlar müxtəlif dönəmlərdə fərqli-fərqli formalarda ictimailəşsə də, məhz Azərbaycan hakimiyyəti içində böyük dayaqlara malik olması səbəbindən sözügedən narkoşəbəkə hər kəsi susdurmağı bacarıb. Mənbəmizin sözlərinə görə, bu gün hətta dövlətin müvafiq qurumları belə artıq adı narkobaron kimi hallandırılan Mübariz Mənsimovun qarşısında acizdirlər: «Ona aid məhsullar xüsusi qoruma altında olduğundan nə gömrüyün, nə polisin, nə də digər xüsusi xidmət orqanlarının müdaxiləsi imkansızdır. Bu gün xırda «barıqa»ları ifşa edən hüquq-mühafizə orqanlarımızın narkobaronların qarşısında nədən ağ bayraq qaldırdıqları isə böyük bir məsələdir». Onu da bildirək ki, bununla əlaqədar redaksiyamıza çox ilginc faktlar daxil olduğundan geniş araşdırma materiallarımızı yaxın günlərdə diqqətinizə çatdıracağıq. O zaman kimlərin bu şəbəkədə hansı mövqedə dayandığı hər kəs üçün aydın olacaq. Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |