Əsas Səhifə > Cəmiyyət > “BAKI TEHRANIN DOST RƏFTARINA AĞIZ BÜZÜB”

“BAKI TEHRANIN DOST RƏFTARINA AĞIZ BÜZÜB”


6-09-2012, 13:41
“BAKI TEHRANIN DOST RƏFTARINA AĞIZ BÜZÜB”

İRAN BİZDƏN “AFƏRİN” GÖZLƏYİRMİŞ

“Sepah”ın keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı “Tabnak” saytı sentyabrın 6-da həbsdə saxlanan azərbaycanlı jurnalist Anar Bayramlıdan yazıb.

“Media forum” saytının məlumatına görə, “Bakının İranın dost rəftarına ağız büzməsi” başlıqlı yazıda deyilir ki, Azərbaycan İranın “Səhər” telekanalının müxbiri Anar Bayramlının azadlığa buraxılması ilə bağlı əvvəlki qərarını pozub: “Azərbaycan Respublikasının İrandakı iki vətəndaşının (Fərid Hüseyn və Şəhriyar Hacızadə - “Media forum”) azadlığa buraxılmasından bir neçə saat sonra Bakı “Səhər” televiziyasının yerli müxbiri Anar Bayramlını azadlığa buraxmaq barədəki qərarını pozaraq İranın bu dost rəftarına ağız büzüb.

Sentyabrın 5-i günorta saatlarında İranın vitse-prezidenti Həsən Musəvinin Bakıya səfəri əsnasında Azərbaycan mənbələri Anar Bayramlının azad olunması haqda məlumat yaysalar da, az sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu xəbəri təkzib edib”.
Anar Bayramlı fevralın 17-də həbs edilib, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunub. Binəqədi Rayon Məhkəməsi iyunun 11-də Anar Bayramlını 2 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsi jurnalistin cəzasını 1 ilə endirib.

Sentyabrın 5-də xəbər yayılıb ki, Binəqədi Rayon Məhkəməsi Anar Bayramlını vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib. Jurnalistin müraciətinə sentyabrın 4-də baxıldığı iddia olunub. Ancaq bu xəbər doğru çıxmayıb.

Geri qayıt