Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ BAŞÇININ ADAMI MASALLIDA AT OYNADIR

KEÇMİŞ BAŞÇININ ADAMI MASALLIDA AT OYNADIR


4-09-2012, 16:30
KEÇMİŞ BAŞÇININ ADAMI MASALLIDA AT OYNADIR

QƏZƏNFƏR AĞAYEV MASALLIDAN GETSƏ DƏ, TÜSTÜSÜ HƏLƏ ÇƏKİLMƏYİB

DİA.AZ: - Ukrayna Tibb Universitetinin “Əczaçılıq” fakültəsinin 3-cü kursunda təhsil alan 20 yaşlı Zamin Kərimli redaksiyamıza Masallı rayonunda başına açılan müsibətlərlə bağlı şikayət ünvanlayıb. DİA.AZ-a daxil olan şikayət məktubunda Zamin Kərimli yazır ki, Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.

O daha sonra qələmə alır: - “Çox erkən, 5 yaşımda olanda atamı itirmişəm, bir bacı və bir qardaşıq. Anam bizi çox əziyyətlə böyütdü. Atamdan bizə 35 kvadratmetrlik kiçik bir dükan qalmışdı. Atam ali təhsilli əczaçı idi. Həmin dükanı da aptek kimi istifadə etməyə görə tikmişdi. Lakin qismət olmadı. Uzun illər istifadəsiz qalsa da, bu dükanın qapısını açmağa ailədə kimsə ürək etmir, çoxlu adam istəsə də, icarəyə də vermirdik.

Hamının arzusu o idi ki, tibb universitetində təhsilimi başa vuraram, uzun illərdən sonra gəlib atamın yadigarı olan həmin dükanı işlədər və atamın sənətini davam etdirərəm. 2010-cu ildə anama və yaxın qohumlarıma bildirdilər ki, bütün sənədləriniz qanuni olsa da, həmin dükanı sökməlisiniz. Çünki həmin yerə Vüqar adlı bir şəxsin gözü düşüb. Yaxın qohumlarım ona başa salmaq istədilər ki, bu dükanın sökülməsi həm qanunsuz işdir, həm də Allaha da xoş getməz ki, həyat yoldaşını itirmiş bir qadının yadigar kimi qoruduğu bu obyekti sökdürəsən. Belə zülmlə alınan yerdən xeyir-bərəkət götürmək mümkünsüzdür. Lakin Vüqar və ona himayədarlıq edənlər bu söhbəti heç eşitmək istəmədilər. Vüqar bildirdi ki, hamının haqqını artıqlaması ilə vermişəm, həmin dükanı söküb, yerində 10 dəfə ondan böyük, 300 kvadratmetrlik bina tikəcəyəm.

Dedikləri kimi də etdilər. Bir də xəbər tutduq ki, qanuni sənədlə bizim olan dükan yerlə-yeksan edilib və onun yerində həmin Vüqar adlı şəxs böyük obyekt tikir. Bu tikintinin sökülməsi nəticəsində bizə 20 min manatdan artıq ziyan vuruldu.

Anam və müharibə iştirakçısı olan babam Orduxan kişi əvvəlki icra başçısı Qəzənfər Ağayevin yanına getdilər ki, bu ədalətsizliyi bərpa etsinlər. Sabiq icra başçısı əvvəl söz versə də, sonra sözünün üstündə durmadı. Məcbur olub yuxarı təşkilatlara müraciət etdik. Eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da ünvanına məktub yolladıq. Mehriban xanım həyat yoldaşını vaxtsız itirmiş ananın şikayətinə çox həssaslıqla yanaşıb rayon rəhbərliyindən təkidlə tələb etdi ki, bu dükan məsələsində bizə qarşı edilmiş haqsızlıq aradan qaldırılsın.

KEÇMİŞ BAŞÇININ ADAMI MASALLIDA AT OYNADIR

Masallı Rayon İcra Hakimiyyəti məcbur olub, həmin sökülən dükanın yerini təcili olaraq anamın adına sənədləşdirməyə başladı. Sənədləşmə son mərhələyə çatanda yenə də bizi yubatmağa və incitməyə başladılar. Belə ki, həmin dükan yerində tikinti aparmaq üçün sərəncam verməyi müxtəlif və yersiz bəhanələrlə yubatdılar. Bu ərəfədə Vüqarı himayə edən Qəzənfər Ağayev Masallıdakı vəzifəsindən çıxarılıb Astaraya icra başçısı təyin edildi. Anam məcbur olub Masallıya yeni təyin edilmiş icra başçısı Rafil Hüseynovun Ərkivan qəsəbə sakinləri ilə görüşü zamanı ona müraciət etdi. Anamın şikayətini hörmətlə dinləyən yeni icra başçısı tapşırıq verdi ki, təcili sürətdə ona tikinti üçün sərəncam verilsin. Onun tapşırığı qısa müddətdə icra edildi.

Lakin bir yerə iki qanuni sənədimiz olsa da, hələ də burada tikinti işi apara bilmirik. Hər şeydən əli üzülən Vüqar bildirir ki, tikintinin 2-ci mərtəbəsi ona verilməlidir. Biz də bildirdik ki, binanın birinci mərtəbəsi kimindir, 2-ci mərtəbəsi də onun olmalıdır.

Həmçinin, məlum oldu ki, başqasının qanuni sənədlərinə baxmayaraq, dükanı sökdürən Vüqarın özünün inşa etdiyi tikiliyə heç bir sənədi yoxdur.

Həm qanunsuzluq, həm insafsızlıq edən Vüqar bundan sonra qondarma əməllərə əl atmalı oldu. Belə ki, qanuni yolla heç nəyə nail ola bilməyən Vüqar üstümüzə “qoçular” göndərməyə, bizə hədə-qorxu gəlməyə başladı. Lakin üstümüzə gələn adamlar əsl həqiqəti biləndən sonra bu gəlişləri üçün peşmançılıq çəkdilər.

Lakin Vüqarın bu qanunsuz vurnuxmaları bəzi həqiqətləri üzə çıxartdı. Sən demə, Vüqarın bir sıra şəxslərə yüz min manatlarla borcu var imiş. Hamıya da söz veribmiş ki, böyük obyekt tikib borclarınızı verəcəyəm. Həmin adamları da üstümüzə ona görə göndərirmiş ki, gedin onları buradan uzaqlaşdırın, dükanı tikim, borclarınızı verim. Həmçinin, o da məlum oldu ki, rayonumuza gətirilən başıbəlalı palmalar Vüqarın xidmətidir və əsas borcları da bu səbəbdən yaranıb.

Bu il avqustun 8-də həmin yerdə tikintiyə başlamaq istədik. Vüqar əvvəl üstümüzə adamlar göndərdi. Lakin onlar həqiqəti biləndə üzrxahlıq edib getdilər. Bundan sonra Vüqar özü obyektə gəldi, tikdiklərimizi sökməyə və bizi küçə söyüşləri ilə təhqir etməyə başladı.

Məcbur olub onun bu xuliqanlıq hərəkətinə görə polisə müraciət etdik. Bu yazını sizə yollamaqda məqsədim isə odur ki, qoy xalq da, rayonun ağsaqqalı da, ziyalısı da bilsin, bu rayonda həyat yoldaşını itirənin də haqqını yeyənlər və belələrini himayədarlıq edənlər var”.

Geri qayıt