Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV MƏTBU QADAĞANI YIRTMAQ ÜZƏRƏDİR

ZİYA MƏMMƏDOV MƏTBU QADAĞANI YIRTMAQ ÜZƏRƏDİR


3-09-2012, 13:39
ZİYA MƏMMƏDOV MƏTBU QADAĞANI YIRTMAQ ÜZƏRƏDİR

NAZİRİN HOLDİNQİ YENİ MEDİA LAYİHƏSİNƏ START VERİR: İŞÇİ TOPLANIR

DİA.AZ: - Bu günlərdə verilən məlumatlardan aydın olurdu ki, nəqliyyat naziri Ziya Məmmədova mətbu qadağa qoyulub. Belə ki, «ZQAN» Holdinqin rəhbəri, nazir oğlu Anar Məmmədovun iki il əvvəl «Mətbuatla bağlı yeni layihələrimiz olacaq» deməsinə rəğmən, hələ də bu istiqamətdə heç bir addımı ata bilməmsi belə deməyə əsas yaradırdı ki, NN şefinin mətbuata müdaxiləsinə qadağa qoyulub.

İndi isə aydın olur ki, bu qadağa aradan qalxıb. Qeyd edək ki, mətbuata nəzarət bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında bölüşdürülür. PA-nın şöbə müdiri Əli Həsənovun əli ilə mətbuatın xeyli hissəsini öz kontrolu altında saxlayan Mehdiyev hətta Kəmaləddin Heydərovun kurasiyasına daxil olan media quruluşlarını da ara-sıra inhisarı altına almaqdadır.

Mətbuatın çox ciddi silah və təsir vasitəsi olduğu hər kəsə məlumdur. Elə iqtidarın başbilənlərinə də. Bu baxımdan təsadüfi adamların mediada gücə çevrilməsi hər zaman əngəllənib. Amma Ziya Məmmədov heç də təsadüfi adam deyil. Mənbəmiz bildirir ki, sadəcə olaraq, rəqibləri NN şefinin bu istiqamətdə möhkəmlənməsini hər zaman əngəlləməyə çalışıblar: «Amma artıq belə bir əngəl qalmayıb və NN şefi mətbu müstəvidə qərarlaşa bilməsi üçün tələb olunan icazəni alıb».

Mənbəmiz bildirir ki, gələn ilin əvəlindən etibarən «ZQAN» Holdinqə aid şəbəkə yeni telekanal açmaq fikrindədir: «Bu telekanal bir növ hazırki «ATV» kanalının bənzəri olacaq, amma burada siyasi xəbər ağırlığı üstünlük təşkil edəcək. Doğrudur, NN şefi «avronyus» telekanalının anoloqunu yaratmaq fikrinə düşsə də, PA-dan buna qarşı gedilib. Çünki PA-nın özünün belə bir ideyanı həyata keçirmək niyyəti var və belə əsaslandırılıb ki, belə bir mühüm, strateji kanal qeyri-siyasi bir struktur rəhbərinin nəzarəti altında ola bilməz».

Amma istənilən halda Ziya Məmmədovun mətbuata nüfuz edəcəyi dəqiqləşib və onun hətta bir neçə qəzet və xəbər portalını da satın alacağı və yaxud da yenidən quracağı söylənilir. Xəbərlərdə deyilir ki, yeni media quruluşlarına indidən işçi toplamağa başlayıblar.

Geri qayıt