Əsas Səhifə > Sosial, Manşet > ƏLİ NAĞIYEV VƏZİFƏYƏ GƏLMƏK FİKRİNDƏDİR

ƏLİ NAĞIYEV VƏZİFƏYƏ GƏLMƏK FİKRİNDƏDİR


29-08-2012, 14:25
ƏLİ NAĞIYEV VƏZİFƏYƏ GƏLMƏK FİKRİNDƏDİR

KEÇMİŞ NAZİR BU NİYYƏTİNİ DOSTLUQ ETDİYİ MƏMURA AÇIQLAYIB

DİA.AZ: - “Hazırda elmi-pedoqoji fəaliyyətlə məşğulam”. Xatırlayırsınızsa, bunu bir müddət əvvəl mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının qurucularından olan, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycanın Belarusdakı keçmiş səfiri Əli Nağıyev bildirmişdi. Siyasi fəaliyyətlə məşğul olub-olmadığına dair suala cavabında sabiq YAP funksioneri söyləmişdi ki, evdə oturmaqla siyasi fəaliyyətlə məşğul olmaq olmaz: “Hazırda yalnız elmi-pedoqoji fəaliyyətlə məşğulam. Günümün əksər hissəsi də elmi araşdırmalara gedir. Bu baxımdan siyasi fəaliyyətlə məşğul olmuram”.

“Diplomatik fəaliyyəti yenicə başa vurmusunuz. Yenidən hansısa ölkəyə səfir təyinatı gözləniləndirmi?” sualına cavab olaraq isə sabiq səfir demişdi ki, o, fala baxmaqla məşğul deyil. “Səfir təyinatı birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir. Hazırda mənə diplomatik fəaliyyəti davam etdirmək təklif olunmayıb. Bu baş vermədiyinə görə, bu barədə danışmağa dəyməz”,- deyə Əli Nağıyev bildirib.

Oxucuların diqqətinə çatdıraq ki, Əli Nağıyev diplomatik fəaliyyətlə əlaqədar YAP sıralarından çıxarılmışdı. Diplomatik fəaliyyətini başa vurduqdan sonra o, partiyaya müraciət etmişdi. Əli Nağıyev düşünürdü ki, yenidən YAP-dakı statusunu ona qaytaracaqlar. Yəni, partiyanın idarəedilməsində rol alacaq. Onun gözləntiləri özünü doğultmadı. YAP rəhbərliyi Əli Nağıyev partiyaya sıravi üzv kimi qəbul etdi.

Daha sonra isə Əli Nağıyevin partiya yaradacağı barədə xəbərlər yayıldı. Lakin bu məlumatlar təsdiqini tapmadı. Əli Nağıyevin “siyasi fəaliyyətlə məşğul olmuram” deməsi də göstərir ki, bu xəbərlər yanlışdır. Sabiq səfirin bu fikri həm də onun göstərir ki, Əli Nağıyev YAP-ın tədbirlərinə qatılmır. O, hətta artıq əlini bu hakimiyyətdən üzmüş kimi görünür.

Bununla bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, bir neçə gün əvvəl Əli Nağıyev nüfuzlu məmurlardan biri ilə görüşüb: «Əli Nağıyev həmin məmurla uzun illərdir ki, dostluq edir. Görüş zamanı keçmiş nazir yenidən vəzifə ümidində olduğunu gizlətməyib».

Mənbəmizin sözlərinə görə, Əli Nağıyev baş nazirin müavini olmaq fikrindədir: «O, bu iddialarını bir neçə dəfə «yuxarıların» diqqətinə çatdırıb. Və yaxın dostu ilə son görüşündə də bu arzusunu dilə gətirib. Hətta özü üçün yer də müəyyən edib».

Məlumata görə, Əli Nağıyev baş nazirin müavini Elçin Əfəndiyevin yerinə göz dikib. Bildirək ki, bu arada Elçin Əfəndiyevin vəzifədən alınacağı ilə bağlı xəbərlər də mətbuatda yayılmışdı. Məlumatlarda deyilirdi ki, Elçin Əfəndiyev Yazıçılar Birliyinə rəhbər gətirilir. Lakin sonradan bu məlumat AYB rəhbərliyi tərəfindən israrla təkzib olundu.

Geri qayıt