Əsas Səhifə > Gündəm, Manşet > SABİRABADDA “ŞƏRTİ TİBB MƏRKƏZİ” VAR İMİŞ...

SABİRABADDA “ŞƏRTİ TİBB MƏRKƏZİ” VAR İMİŞ...


27-08-2012, 13:26
SABİRABADDA “ŞƏRTİ TİBB MƏRKƏZİ” VAR İMİŞ...

BU MƏRKƏZİN HESABINA AYRILAN PULLARI KİMLƏR ÖZ CİBİNƏ ÖTÜRÜRÜR?

DİA.AZ: - “Ana və uşaqların sağlamlığının qorunması” dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzlərdən sayca 6-cısı – Sabirabad rayon perinatal mərkəzidir.

İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulmuşdur. Mərkəzdə yenidoğulmuşların intensiv terapiya palatası habelə əməliyyat bloku da bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla tam təmin olunmuşdur. Burada istilik və qida ilə təminata da ciddi diqqət ayrılmışdır. Qeyd edək ki, mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərməkdədir.

DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, bunca şəraitə rəğmən burada kadr çatışmamazlığı ucbatından böyük problemlər yaşanmaqdadır. Bu problemin də ən böyüyü Mərkəzdə “reanimatoloq”un olmamasıdır. Daha doğrusunu desək var, “reanimatoloq” var, amma bu kadr Mərkəzdə tapılmır. Bütün günü yeyib-içib, keyf-işrət məclislərində vaxtını keçirən bir şəxsdir.

Bildirək ki, sözügedən mərkəzin Mikayılov Əziz adlı rəhbərindən də redaksiyamıza 20-yə yaxın Sabirabad sakini şikayətlənib və bildiriblər ki, rayonda ana və uşaq ölümlərinin baş verməsi səbəbinin 40%-i Mikayılov Əzizin işdə tapılmamasıdır.

Araşdırma apararkən məlum oldu ki, bu şəxs gününü onun yaxın qohumu olan Rayonlararası “VTEK”-in sədri Rasim Gözəlovun yanında keçirir.

Qeyd edək ki, jurnalistlər məsələ ilə bağlı Sabirabad rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Əlifağa Nadirovun münasibətini öyrəndikdə onun maraqlı cavabını eşidiblər: “Mən kadr tapa bilmirəm və bununla da bağlı mən həmin şəxsə rəsmi qaydada töhmət verib Səhiyyə nazirliyinə yollamışam”.

Redaksiyamıza müraciət edən Sabirabad sakinləri onu da bildiriblər ki, barəsində danışılan mərkəzin fəaliyyətsiz durumundan səhiyyə nazirliyinin rəhbərliyi məlumatlı olsa da, nədənsə tədbir görülmür. Bu isə maraqlı şəkildə izah olunur. Sakinlər iddia edir ki, əslində sözügedən mərkəz simvolik xarakter daşıyır və şərti işçiləri var: «Bu mərkəzə ayrılan pullar isə nazirlikdəki şəxslərlə «baş həkim» arasında bölüşdürülür».

Geri qayıt