Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTİN MÜDHİŞ YENİ SEÇKİ TƏDARÜKÜ

HAKİMİYYƏTİN MÜDHİŞ YENİ SEÇKİ TƏDARÜKÜ


27-08-2012, 13:00
HAKİMİYYƏTİN MÜDHİŞ YENİ SEÇKİ TƏDARÜKÜ

MÜXALİFƏT HƏLƏ DƏ HAKİMİYYƏTİN DİQTƏSİNDƏN ÇIXMAĞI BACARMIR

DİA.AZ: - Son zamanlar YAP iqtidarı müxalifətə qarşı yeni kampaniya başlayıb. Təbii ki, söhbət AXCP sədri Əli Kərimlini hədəf kimi seçərək, mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı ortaya atılan absurd ideyadan gedir. Artıq göründüyü kimi, hakimiyyət bu yöndə əməlli-başlı ciddiləşib və Əbülfəz Elçibəyin zəhərlənməsi ehtimalı ilə əlaqədar cinayət işi qaldırılıb.

Bu barədə DİA.AZ-a YAP-a yaxın qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, proses heç də göründüyü kimi sadə deyil: «Bilin ki, hakimiyyətin hansısa addımı ilk baxışdan kimlər üçünsə sadə və yaxud da absurd görünə bilər. Amma bütün addımlar sırf olaraq ictimai rəyə hesablanıb. Məsələn, əvvəllər də Əli Kərimli gülünc ittihamların hədəfinə çevrilirdi, amma hər kəs etiraf edər ki, bu ittihamlar nə qədər gülünc olsa da, alt şüurlarda öz dəst-xəttini buraxıb».

Mənbəmiz əlavə etdi ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində Əli Kərimli ilə bağlı ittihamlar daha da inkişaf etdiriləcək: «Plan təxminən belədir: Əli Kərimlinin adı ətrafında müxtəlif adamların vasitəsilə rəylər yaradılacaq. Təbii ki, burada Əli Kərimliyə yaxın və ümumiyyətlə, müxalif mətbuatın cavab verəcəyi də nəzərə alınıb. Elə iqtidara lazım olanı da budur. Bu formada gündəmi məşğul edib, diqqəti əsas hadisədən - prezident seçkilərindən yayındıracaqlar».

Mənbəmiz onu da bildirdi ki, amma buna rəğmən Azərbaycanda marağı olan beynəlxalq qurumlar bu məsələ ilə bağlı artıqi indidən hərəkətə keçiblər: «Bir neçə gün əvvəl çox nüfuzlu təşkilatlardan biri sözügedən olayları nəzarəti altına alıb. Təbii ki, bunu sıradan bir hadisə kimi qəbul etmək olmaz. Çünki kənar maraqlı güclər də açıq-aydın görürlər ki, hələ də müxalifət hakimiyyətin nəzarəti altında olan müstəvidən kənara çıxa bilmir».

«Müxalifət nə etməlidir?» sualının cavabında isə ekspert kimi çıxış edən mənbəmiz vurğuladı ki, müxalifətin tək yolu hakimiyyətə aid müstəvinin oyunçusu olmamaqdır: «Əgər bu gün Əli Kərimliyə qarşı hücumlar varsa, bu, bütün müxalif cinahı məşğul etməməlidir. Əks halda, gələn ilki seçkilərin əvvəlkilərdən heç bir fərqi olmayacaq».

Geri qayıt