Əsas Səhifə > Siyasət, Manşet > İNDİDƏN İKİ GƏNC DEPUTATIN «KİTABI BAĞLANDI»

İNDİDƏN İKİ GƏNC DEPUTATIN «KİTABI BAĞLANDI»


25-08-2012, 12:15
İNDİDƏN İKİ GƏNC DEPUTATIN «KİTABI BAĞLANDI»

CEYHUN OSMANLI İLƏ FUAD MURADOV BİR DAHA MANDAT ALA BİLMƏYƏCƏK

DİA.AZ: - Son zamanlar hakimiyyətə aid gənclər düşərgəsində ciddi bir silkələnmə müşahidə olunmaqdadır. Söhbət «İrəli» İctimai Birliyi ətrafında yaşanan qalmaqaldan gedir. Belə ki, Rauf Mərdiyev adlı şəxsin «İrəli»yə rəhbər gətirilməsinin ardından iqtidarın əsas gənclər təşkilatı kimi tanınan «İrəli» ilə bağlı mətbuata müxtəlif məlumatlar ötürülməyə başlayıb.

Təşkilat daxilində ciddi narazılıqların olması faktdır. Ən azından açıqlanan məlumatların daha çox «İrəli»nin mətbəxinə aid olması belə deməyə əsas yaradır. Digər yandan, «İrəli» qarışıq, digər iqtidaryönlü gənclər təşkilatlarının kuratorluğu ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi və bu müstəvidə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun proseslərdən təcrid olunması hakim düşərgənin gənclərlə bağlı siyasətinin yeni məcraya yön almasını anons etməkdədir.

DİA.AZ-ın əldə etdiyi məlumatlardan isə aydın olur ki, «İrəli»də baş verən daxili gərginliyin səbəbkarlarının araşdırılması üçün «yuxarıdan» verilən təlimata uyğun olaraq aparılan araşdırmalar zamanı ortaya ilginc faktlar çıxıb: «Məlum olub ki, bu işdə birbaşa olaraq «İrəli»nin sabiq şefi, gənc millət vəkili Ceyhun Osmanlı maraqlı tərəf kimi çıxış edir. Doğrudur, bu gün Ceyhun Osmanlı ilə digər gənc deputat Fuad Muradovun münasibətlərində gərginlik var, amma buna rəğmən «İrəli»nin içdən qarışdırılmasında ikinci maraqlı fiqurun məhz Fuad Muradov olduğu təsbit edilib».

Mənbəmizin sözlərinə görə, bu kimi fəaliyyətləri səbəbindən hər iki gənc deputat ciddi şəkildə xəbərdarlıq alıb: «Hətta onlara açıq şəkildə bildirilib ki, bir daha mandat ala bilməyəcəklər».

Geri qayıt