Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇILARI ARASINDA TORPAQ DAVASI DÜŞDÜ

İCRA BAŞÇILARI ARASINDA TORPAQ DAVASI DÜŞDÜ


25-08-2012, 11:51
İCRA BAŞÇILARI ARASINDA TORPAQ DAVASI DÜŞDÜ

RAFİL HÜSEYNOV QƏZƏNFƏR AĞAYEVİN OBYEKTİNİ YERLƏ-YEKSAN EDİB

DİA.AZ: - Hələ 2 il öncə yerli mətbuatda dərc olunan materiallarda bildirilirdi ki, Masallının icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev (hazırda o, Astara Rayon İcra Hakimiyyətinə rəhbərlik edir –red.) Masallı rayonunun Qarğalıq ərazi vahidinə daxil olan Xallıcallı kəndindəki 100 hektara yaxın su hövzəsini zəbt edib, burada balıqçılıq təsərrüfatı yaradıb. Kəndə gələn suyun bənd-bərəsi elə kəsilib ki, hətta heyvanları sulamaq üçün normal su əldə etmək olmur. Kənd sakinləri buradakı yeganə artezian quyusundan su götürmək üçün saatlarla növbə gözləyirlər. Kənd bələdiyyəsinin üzvü Telman Quliyevin adına sənədləşdirilən bu obyektdə rayondakı bir sıra təşkilatların hesabına torpaqbərkitmə işləri aparılır, pulu ödənilməməklə yüz tonlarla gübrə alınaraq burada istifadə olunur.

Həmçinin, qeyd olunurdu ki, həmin kəndin sakini, Qarabağ şəhidinin qardaşı, özü də 2-ci qrup əlil olan Qafil İsmayılov həmin 100 hektarlıq ərazidən bir neçə hektar torpaq istədiyi üçün təzyiqlərə məruz qalıb. Haqsızlığa dözməyən Qafil İsmayılov yuxarı təşkilatlara üz tutur, hətta anası ilə birgə ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbuluna düşməyə nail olur. Bundan sonra yerli rəhbərlikdən təkidlə tələb olunur ki, Qafilin şikayətini təmin etsinlər. Nəticədə şikayətçi üçün həmin ərazidən torpaq ayrılır. Lakin rəhbərlik bu şikayətbazlığı ona bağışlamır. Bir il öncə qondarma bəhanələrlə həmin 2-ci qrup əlili, qardaşı Qarabağ döyüşlərində həlak olmuş Qafili şərləyib həbsə atdırırlar. Oğluna nahaqdan 3 il həbs verilməsinə dözməyən şəhid anası hakimin qərarından 3 gün sonra dünyasını dəyişir. Daha sonra Şirvan Apelyasiya Məhkəməsi Qafilin 3 illik cəzasını 1,6 ilə endirir. Bu cəzanın da təxminən on ayını çəkən Qafil artıq azadlıqdadır. O, evə qayıtdıqdan sonra anasının vəfat etdiyini bilir.

Necə deyərlər, indi də sizə xəbər verək həmin balıqçılıq hövzəsinin bu günündən. Bu il aprelin 14-də Qəzənfər Ağayev Masallını tərk edəndən sonra həmin təsərrüfatın üstündə “qara buludlar” əsməyə başladı. Bütün kəndə şayiə yayıldı ki, guya Qəzənfər Ağayev rayonu tərk edən ərəfədə bu təsərrüfatı idarə etməyə tapşırdığı kənd bələdiyyəsinin üzvü Telman Quliyevdən kənd ərazi nümayəndəsi Sübhan Zalıyevin vasitəsilə 18 min manat alıb. İndi Telman Quliyev ərazi nümayəndəsindən pulunu tələb edir. İş gedib çıxıb polisə-məhkəməyə.

DİA.AZ-a yerli qaynaqlardan ötürülən məlumatlardan aydın olur ki, bu il avqustun 11-də isə Xallıcallı kəndində fövqəladə vəziyyət yaşanıb. Belə ki, vaxtilə ətrafında bir quş uçmağa cəsarət edilməyən balıqçılıq hovuzunun yanına ağır texnika ilə bir dəstə polis gəlib. Yerli sakinlərin bildirdiyinə görə, əsasən bələdiyyə üzvü Telman Quliyevin qadınlardan ibarət etirazçılar dəstəsi xeyli müqavimət göstərsə də, həmin bəndin 32 hektarı dağıdılaraq suyu ətrafa buraxılıb. Digər 70 hektardan isə hələ də heç kim istifadə etmir. Bir neçə saat davam edən bənd dağıtma əməliyyatında bir neçə qadın saxlanılsa da, onlar qısa zaman ərzində sərbəst buraxılıblar.

Onu da bildirək ki, köhnə başçının obyektinin dağıdılması üçün sərəncamın birbaşa olaraq yeni başçı Rafil Hüseynov tərəfindən verildiyi söylənilir. Amma buna rəğmən hazırda istirahətdə olan Qəzənfər Ağayev Rafil Hüseynova özünün sərt ismarıclarını da yollayıb. O, yeni başçını hədələməklə yanaşı qəribə bir ifadə də işlədib: “Orada kimsə bir qurbağa yetişdirsə belə, mənim haqqımı verməlidir”.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt