Əsas Səhifə > Ölkə > PULLARI HAVAYA NECƏ SOVURURLAR?

PULLARI HAVAYA NECƏ SOVURURLAR?


24-08-2012, 13:28
PULLARI HAVAYA NECƏ SOVURURLAR?

NAZİM İBRAHİMOV 5 MƏRTƏBƏLİ BİNANI SÖKDÜRDÜ

Bir il öncə təmir olunan binanı Heydər Əliyev Mərkəzini bəhanə edərək söküb, yerində yeni binanın inşasına başladılar

Avqustun 21-dən başlayaraq Heydər Əliyev 77 ünvanında yerləşən 5 mərtəbəli binanın uçurulmasına başlanılıb. Sözügedən bina Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşir və bir il öncə orada aparılan təmir-bərpa zamanı yüksək səviyyədə təmir edilib. Maraqlıdır ki, Heydər Əliyev Mərkəzi inşa edilərkən həmin ərazidə bir neçə bina sökülüb və əhalisi yüksək kompensasiya məbləğində razı salınıb. Lakin hal-hazırda sökülən bina mərkəzdən təxminən bir neçə yüz metr aralıda və Heydər Əliyev prospektinin kənarında yerləşdiyi üçün təmir edilmişdi. Binanın fasadı aqlay daşlarla örtülmüş, pəncərələr dəyişdirilmiş, eyvanlar bəzəkli dəmirlərlə işlənmiş, binanın özü isə mükəmməl işıqlandırma sistemi ilə əhatə olunmuşdu.

Ərazidə olarkən binanın sökülmə səbəbini sakinlərdən öyrəndik. Onlar bildirdilər ki, yaşadıqları binanı Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sökdürüb. Komitə sədrinə məxsus “Galaxy İnşaat” MMC sökülən binanın yerində 12 mərtəbəli yeni bina tikəcək: “Səbəb isə sadədir. O, yaşadığımız binanın yanında 4 yeni bina tikdirib. Həmin binaların ərazisini genişləndirmək və bizim binamızın yerində yeni bir bina inşa etmək üçün Heydər Əliyev Mərkəzini bəhanə gətirərək yenicə təmir olunmuş 5 mərtəbəli binanı yerlə-yeksan etdirdi. Əvvəlcə sakinlərə kompensasiya veriləcəyi deyilirdi. Biz buna etiraz etdik və binada yaşayan ailələr evlə təmin olundular”.

Sakinlər bildirdilər ki, bir il əvvəl milyonlar xərclənən binanın yerlə yeksan edilməsinə etiraz etməyiblər: “Amma, söküntünü həyata keçirən şirkətin rəhbərliyinə
dedik ki, bu hökumət bu boyda binanı sökəcəkdisə nəyə görə ona milyonlar xərclənirdi? Adamlar bizə elə cavab verdi ki, başa düşdük ki, bunların məqsədi dövlət büdcəsini çapıb-talamaqdır. Bu mənzərələrə baxan vətəndaş isə sadəcə bir şeyi düşünə bilər, Azərbaycan özü boyda bir təcrübə meydançasıdır”. \ musavat.com \

Geri qayıt