Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ GİZLİ RUSİYA OYUNU VƏ "İRƏLİ"
HAKİMİYYƏT İÇİNDƏ GİZLİ RUSİYA OYUNU VƏ "İRƏLİ"24-08-2012, 11:18 |
İLHAM RƏHİMLİNİN PA ŞEFİ POSTUNA GƏTİRİLMƏSİ NƏDƏN BAŞ TUTMAYIB? DİA.AZ: - Son günlər hakimiyyətyönlü gənclər təşkilatı kimi tanınan «İrəli» İctimai Birliyi ilə bağlı mətbuata müxtəlif məlumatlar ötürülməkdədir. Qeyd edək ki, daha çox anonim qaydada KİV-lərə yol tapan həmin xəbərlərdə hədəfə alınanı «İrəli»nin yeni rəhbərliyidir və zamanında «İrəli»yə başçılıq etmiş millət vəkili Ceyhun Osmanlının təbliği fonunda yeni sədr Rauf Mərdiyevin köhnə təşkilat üzvlərinə qarşı bir siyasət yürütdüyü, hətta onların maaşlarını belə vermədiyi iddia olunur. Doğrudur, «İrəli»nin yeni rəhbərliyi hər dəfəsində mətbuata ötürülən faktları inkar edir. Amma bir məsələ istənilən halda faktdır ki, iqtidarın siyasətini dəstəkləyən «İrəli»də sular heç də sakit axmır və günlərin birində fırtınanın qopması belə gözləniləndir. Qeyd edək ki, bütün bunlarla bağlı DİA.AZ-a olduqca ilginc faktlar ötürülüb. Verilən xəbərlərdən bəlli olur ki, «İrəli»də nəinki rəhbər dəyişikliyi və eyni zamanda kurator dəyişikliyi də həyata keçirilib. Hakimiyyət içindəki qaynağın söylədikləri: «Əgər dünənə qədər «İrəli» və digər bu kimi təşkilatlarla bağlı siyasət birbaşa olaraq Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tərəfindən yönəldilirdisə, artıq bu kuratorluq ləğv edilib və Elnur Aslanov proseslərdən kənarlaşdırılıb». Bu qərarın müxtəlif səbəblər şəraitində verilə biləcəyini söyləyən mənbəmiz onu da vurğuladı ki, əslində son zamanlar hakimiyyət içində Rusiya xəttinə xidmət edən məmurlara qarşı bir kampaniya başlayıb: «Elnur Aslanov millət vəkili Rəbiyyət Aslanovanın oğludur. Rəbiyyət xanım isə bu günlərdə Azərbaycanda «Putinin dostu» kimi tanınan, tanınmış iş adamı İlham Rəhimli ilə ailə həyatı qurdu. Hər halda, bu hadisədə kifayət qədər siyasi elementlərin, siyasi çaların olmasını hər kəs etiraf edə bilər». Mənbəmiz bildirir ki, əslində İlham Rəhimli bu yolla Ramiz Mehdiyevdən sonra Prezident Administrasiyasına rəhbər gətirilməli imiş: «Amma buna imkan verilmədi. Hər halda, Ramiz Mehdiyevdən sonra ikinci bir Rusiya yanlısının PA şefi kimi mühüm bir posta sahiblənməsi Qərbin təzyiqlərini qarantiləyən bir hadisə olardı». Mənbəmizin iddialarına görə, eyni zamanda hakimiyyət içindəki milli qüvvələr də bu prosesi əngəlləyiblər: «Nəticədə nəinki İlham Rəhimli PA şefi postuna gələ bilmədi, hətta yeni ailənin özü belə dağılmaq üzərədir. Və bu proseslərin fonunda əsas zərbələrdən birini də Elnur Aslanov alıb ki, nəticədə «İrəli» qarışıq, bütün iqtidaryönlü gənclər təşkilatlarının idarəçiliyi ondan alınıb və hətta onun özünün yaxın günlərdə vəzifədən alınması belə söz konusudur». Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |