Əsas Səhifə > Ölkə, Manşet > «ÇAKIR» İNDİ DƏ «YUXARILARIN» NİŞANGAHINDA

«ÇAKIR» İNDİ DƏ «YUXARILARIN» NİŞANGAHINDA


23-08-2012, 17:09
«ÇAKIR» İNDİ DƏ «YUXARILARIN» NİŞANGAHINDA

İCRA BAŞÇISI NƏYİN GÜDAZINA GEDİR?

DİA.AZ: - Neçə müddətdir ki, rəhbəri olduğu rayonda «Berlin divarı»nın bənzərini inşa etməsi ilə diqqətə gələn Qaradağın icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da nəhayət ki hədəfə çevrilib. Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb.

Mötəbər mənbənin redaksiyamıza anlatdıqlarından belə aydın olur ki, bu ilin sentyabr ayının sonlarına yaxın hakimiyyət bir neçə rayonunun icra başçısını dəyişdirməyi düşünür ki, onların arasında Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov da var.

Xatırladaq ki, Süleyman Mikayılov yerli sahibkarlara divan tutması səbəbindən bir müddət mətbuatda əməlli-başlı «ulduza» çevrilmişdi. Lakin sonradan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundakı emissarlarının xidməti sayəsində Süleyman Mikayılov yaxasını qəzetlərin əlindən qurtarmağa müvəffəq oldu. Belə ki, KİVDF-nin xətti ilə dövlət büdcəsində maliyyə yardımı alan qəzetlər sözügedən qurumdakı bəzi simaların basqısı ilə Qaradağın icra başçısı ilə bağlı gələn şikayətlərini bir kənara atmalı oldular.

Amma bütün bunlar əbəsmiş. Bu barədə DİA.AZ-a məlumatı verən mənbə iddia edir ki, sentyabr ayının sonlarından etibarən start götürəcək icra başçılarının yeni «yarpaq tökümü» prosesinin elə ilk qurbanlarından biri Süleyman Mikayılovdur: «Onu nə KİVDF, nə də hakimiyyət içində güvəndiyi himayədarları xilas edə bilməyəcək. Çünki Süleyman Mikayılovla bağlı qərarı birbaşa olaraq prezidentin verdiyi söylənilir».

Xatırladaq ki, Süleyman Mikayılov bir zamanlar Qaradağ rayonundan deputat olmuş, indiki prezident İlham Əliyevin rəhbərliyi altında salınan parkı və görülən abadlıq işlərini yerlə-yeksan etməklə yanaşı, Heydər Əliyev muzeyini də çayxanaya çevirib ki, bu da «yuxarıları» əməlli-başlı qəzəbləndirib.

Geri qayıt