Əsas Səhifə > Siyasət, Manşet > MƏHƏRRƏM ƏLİYEV YENİDƏN “EFİRƏ ÇIXIR”

MƏHƏRRƏM ƏLİYEV YENİDƏN “EFİRƏ ÇIXIR”


23-08-2012, 15:52
MƏHƏRRƏM ƏLİYEV YENİDƏN “EFİRƏ ÇIXIR”

ONUN DEPUTAT QARDAŞI İSƏ MEDİA MAQNATINA ÇEVRİLMƏK ÜZƏRƏDİR

DİA.AZ: - Bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinə rəhbərlik etmiş, sonradan görəvindən alınaraq Tacikistana mədəni sürgünə göndərilən Məhərrəm Əliyev artıq bir ildən çoxdur ki, Bakıdadır. Və elə bu səbəbdən də keçmiş «qorotdel» şefi ilə bağlı şaiyələr durmadan artır. Hər halda aradan bunca müddətin keçməsinə baxmayar belə bir mühüm diplomata nə yeni diplomatic missiya həvalə olunur, nə də hansısa yeni vəzifə verilir.

Əslində, o, hər zaman diqqət mərkəzində olub və hətta «vurulduğu» zaman belə barəsində müxtəlif səpgili informasiyalar yayıldı. Kimi Məhərrəm Əliyevin daxili işlər naziri Ramil Usubovla konfliktdə olması səbəbindən, kimi də hazırda həbsdə saxlanılan və az qala bütün hakimiyyət komandası üçün DÜŞMƏN elan edilən keçmiş səhiyyə naziri Əli İnsanovdan imtina etməməsi səbəbindən görəvdən alındığını söylədi. Hətta burada pul qalmaqalından danışanlar da oldu. İddia edildi ki, Məhərrəm Əliyev BŞBPİ-dən «obşıy katyol»dan 100 milyon dollar gizlətməsinə görə, uzaqlaşdırılıb.

İndi yenə də diqqət mərkəzində olan Məhərrəm Əliyevin bu dəfə yeni görəvə gətiriləcəyi söylənilir. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər qaynağın iddialarına görə, əslində Məhərrəm Əliyev heç də bəzi çevrələrin iddia etdiyi kimi Əli İnsanovla qohumluq əlaqələrinə görə yox, məhz hakimiyyətiçi oyunların qurbanı kimi mövqelərini itirdi.

Xatırladaq ki, Məhərrəm Əliyev 2007-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanovun barəsində məhkəmə prosesi qurulan ərəfədə mətbuata verdiyi açıqlamasında da Əli İnsanovu müdafiə etdiyini, onun dövlət çevrilişinə cəhd etdiyinə inanmadığını və onunla qohumluq əlaqələrini qoruduğunu bildirmişdi.

Məlumatlara görə, Məhərrəm Əliyev məhz iqtidardaxili oyunların güdazına gedib. Daha dəqiqi, iç savaşda məğlub olduğundan «mədəni sürgünə» - Tacikistana diplomatik missiyaya göndərildi. İndi isə Məhərrəm Əliyevin yenidən ayaqlanma dövrünün başladığını bildirən məlumatlı mənbə iddia edir ki, sabiq «qorotdel» rəisinin çox yüksək məqamlara gətirilməsi belə söz konusudur.

Xatırladaq ki, bu günə kimi Məhərrəm Əliyevin adı bir neçə posta namizəd olaraq hallandırılıb. Onların arasında hətta daxili işlər naziri postu da var. Bu barədə yazan mətbuatın sözlərinə görə, birinci savaşı Ramil Usubova məğlub olan Məhərrəm Əliyev artıq zəfər bayrağını DİN-in binasına sancmaq əzmindədir: «Bu yöndə onun arxasında kifayət qədər ciddi qüvvələr dayanır, Ramil Usubovla açıq və yaxud da gizli savaş həddində olan bütün qüvvələr bu gün Məhərrəm Əliyevə dəstək verməyə hazırdırlar və yaxud da artıq dəstək verməkdədirlər».

Məlumatlı mənbələrdən DİA.AZ-a sızan informasiyada isə bildirilir ki, Məhərrəm Əliyevin DİN rəhbəri postuna gətirilməsində başlıca maraqlı tərəf prezidentin mühafizə idarəsinin rəhbəri Bəylər Əyyubovdur: «Bəylər Əyyubovla Ramil Usubov az qala qan düşməni səviyyəsindədirlər və artıq onların arasındakı bu nifaqı mətbuat səhifələrindən də sezmək olar. Ramil Usubovun nəzarəti altında olan qüvvələr Bəylər Əyyubovun üzərinə davamlı olaraq və açıq şəkildə yürüyürlər. Mətbuatla heç bir ünsiyyəti olmayan, daha dəqiqi mətbu qüdrətini itirən Bəylər Əyyubov isə yazılanlara reaksiya verməsə də, yazdıranlara reaksiyasını mütləq bildirəcək».

Mötəbər mənbələr bildirir ki, Məhərrəm Əliyevin irəli, DİN rəhbəri postuna təyin etdirilməsi də məhz Bəylər Əyyubovun ideyasıdır: «Məhərrəm Əliyev vaxtından əvvəl səfir postundan geri çağrıldı. Bu, kiminsə diqqətini cəlb etməsə də, DİN rəhbəri artıq məsələnin nə yerdə olduğunu gözəl başa düşdü. Və elə müvafiq reaksiyanı da ünvanladı. Məhərrəm Əliyevə yox, onun arxasında dayanan əsas fiqura hücuma keçdi».

Onu da bildirək ki, Məhərrəm Əliyevin bir başqa posta təyin olunma ehtimalları da qüvvədədir. Bu barədə DİA.AZ-a fərqli istiqamətdən daxil olan informasiyalarda isə qeyd olunur ki, Məhərrəm Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi postuna təyin olunması niyyətləri var. Xatırladaq ki, hazırda XDMX-yə rəhbərlik edən Vaqif Axundovun ciddi problemlər yaşadığı və konkret olaraq Bəylər Əyyubovla münasibətlərinin posulduğu faktə da mövcuddur. Yəni bu səbəbdən oynaq mövqeyə malik olan Vaqif Axundovun Məhərrəm Əlieyvlə əvəzlənə biləcəyi haqda da iddialar səslənməkdədir.

Bu barədə qaynağın söylədikləri: «Əslində Məhərrəm Əliyev Bakıya məhz bu məqsədlə gətirilib. Onun əsas himayədarı kimi çıxış edən və Ramil Usubovla açıq konfliktdə olan Bəylər Əyyubov DİN rəhbəri ilə müharibəsində Məhərrəm Əliyev kartından gen-bol istifadə etməyi düşünür. Əgər o, Məhərrəm Əliyevi nazir postuna gətirə bilməsə, ən azından onu XDMX-yə rəhbər gətirməklə, Məhərrəm Əliyev kimi güclü bir müttəfiq qazanmış olacaq».

Onu da bildirək ki, hələlik Məhərrəm Əliyev gözləmə mövqeyindədir. Mənbələr onun hansı addımı atacağının daha çox prezidentin qərarından asılı olduğunu da bildirirlər. Yəni ən son ehtimal ondan ibarətdir ki, Məhərrəm Əliyevin yenidən mundir geyinməsi mümkün olmasın və o, əvəlki diplomatik missiyasına davam etsin.

Onu da bildirək ki, son zamanlar Məhərrəm Əliyevin qardaşı, millət vəkili Adil Əliyev də xüsusi olaraq fəallaşıb. Belə ki, o, az qala bir media patronuna çevrilməkdədir. Son aylarda bir neçə xəbər portalı yaradan və bir neçəsini satın alaraq öz kurasiyası altına alan millət vəkilinin bu tədarükünün qardaşının gələcək mənsəbi ilə bağlı olacağı da tam şübhəsizdir. Hər halda, Adil Əliyevin mətbu imkanlarının böyüməsi Məhərrəm Əliyevin gücünün üstünə güc qatılması anlamına gəlir.

Geri qayıt