Əsas Səhifə > Ölkə > “ELÇİBƏYİN ÖLÜMÜNDƏ ŞÜBHƏLİ MƏQAM VARSA”...
“ELÇİBƏYİN ÖLÜMÜNDƏ ŞÜBHƏLİ MƏQAM VARSA”...18-08-2012, 14:40 |
“BU ANCAQ HAKİMİYYƏTİN ADI İLƏ BAĞLI OLA BİLƏR” “Bir ərizə ilə cinayət işi qaldırıla bilməz. Ərizədə real faktlar öz əksini tapmalıdır. Şübhələr real olmalıdır. Ən azı konkret adlar çəkilməli, sənədlər təqdim edilməlidir. Qanunvericiliyin tələbinə görə cinayət hadisəsi barədə ərizə icraata götürüldükdən sonra ilkin təhqiqat aparılmalı, ərizəçi dindirilməli, onun ərizəsində istinad etdiyi hallar, faktlar araşdırılmalı, hadisə ilə bağlı adları hallanan şəxslər dindirilməlidir”. Bunları tanınmış hüquqşünas Namizəd Səfərov eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi haqqında cinayət işinin açılmasına münasibət bildirərkən deyib. Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Baş Prokurorluğa şikayət edib. O iddia edir ki, hazırda hakimiyyətə qarşı ən ciddi müxalif mövqeyi ilə seçilən AXCP sədri Əli Kərimli xarici kəşfiyyatla əlbir olaraq Əbülfəz Elçibəyi zəhərləyib. Bunun nəticəsində də sabiq prezident vəfat edib. Artıq Baş Prokurorluq Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı cinayət işinin başlandığını rəsmən elan edib. Hüquqşünas Namizəd Səfərov isə deyir ki, hüquq elminə əsasən yalnız real, inandırıcı, şübhəli məqamlar aşkar olunduğu təqdirdə, daha ətraflı istintaq aparılması üçün cinayət işi qaldırıla bilər: “Cinayət işinin qaldırılması istintaq aparılması üçün əsasdır”. Hüquqşünas hesab edir ki, indiki halda bu məsələnin arxasında hansı isə siyasi məqsədlər də dayana bilər: “Necə olur ki, Hafiz Hacıyev birdən -birə belə bir məsələni gündəmə gətirir? Bu gün cəmiyyətdə hamının gördüyü, yazaraq Respublika Prokurorluğuna məlumat verdiyi açıq cinayətlər mövcuddur. Lakin cinayət işi qaldırılaraq istintaq aparan yoxdur. Hacı Məmmədovun məlumat verdiyi yüzlərlə cinayət hadisələri barəsində cinayət işi qaldıran yoxdur. Bu hakimiyyət cinayət bataqlığında boğulur. Bunların cinayətlərinin üstü ört-basdır edilir”. Sonda Namizəd Səfərov əlavə edib ki, əgər Əbülfəz Elçibəyin ölümündə şübhəli məqamlar mövcuddursa, bu yalnız hazırkı hakimiyyət təmsilçilərinin adı ilə bağlı ola bilər. \ Azpolitika.info \ Geri qayıt |