Əsas Səhifə > Siyasət, Manşet > FƏHLƏLƏRİN HAQQINI ABİDİN FƏRZƏLİYEV YEYİB

FƏHLƏLƏRİN HAQQINI ABİDİN FƏRZƏLİYEV YEYİB


18-08-2012, 13:56
FƏHLƏLƏRİN HAQQINI ABİDİN FƏRZƏLİYEV YEYİB

FIRILDAQÇI ŞİRKƏTİN ARXASINDAN NƏRİMANOVUN İCRA BAŞÇISI ÇIXDI

DİA.AZ: Artıq ayrı-ayrı inşaat firmalarının fırıldaqçı kimi tanınması sanki bir ənənə halını alıb. Kimi müştərilərini aldatması ilə, kimi də işçilərinin hüquqlarını kobudluqla pozması ilə diqqətə gəlir.

Elə dünən məlumat verərək bildirmişdik ki, Bakıda çox bahalı inşaat layihələrinin icraçısı kimi tanınan «Altes Plaza» Tikinti Firması ilə bağlı redaksiyamıza daxil olan şikayət məktubunda bir qrup fəhlə sözügedən şirkət tərəfindən işlədilmələrinə baxmayaraq, iki aydan çoxdur ki, onlara əməkhaqqının verilməməsindən giley-güzar edirlər.

Fəhlələr bildirib ki, onlar Mətbuat prospektində 12 mərtəbəli yaşayış binasının tikintisində işlədilsələr də, onlara pul verilmir: «Fəhlələrin heç bir ilə əmək müqaviləsi bağlanmayıb. Etibar adlı şəxs şifahi vəd əsasında fəhlələri işlədib və indi də əməkhaqqını verməkdən boyun qaçırır».

Bununla bağlı korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edəcəklərini bildirən fəhlələrin sözlərinə görə, onların savadsızlığından istifadə olunub: «Əslində bizimlə əmək müqaviləsi bağlanmalı idi. Sığorta olunmalı idik. Əgər Allah eləməsin, inşaat zamanı hər hansı bədbəxt hadisə baş versəydi, hansısa birimizin başına iş gəlsəydi, deməli, necə ki iki aylıq maaşımızı mənimsəyirlər, eləcə də qanımızı batıracaqdılar».

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, fırıldaqçılıqda adı hallandırılan tikinti şirkətinin arxasında dayanan şəxs hazırda Nərimanov rayonuna rəhbərlik edən Abidin Fərzəliyevdir. Təbii ki, Abidin Fərzəliyevin bu məsələdə əsas fiqur olmadığı da məlumdur. Amma şirkətin ona yaxın şəxslər tərəfindən idarə olunduğu söylənilir.

Bunu redaksiyamıza bildirən fəhlələrin sözlərinə görə, onlar şirkətin rəhbərliyinə hüquqlarının bərpası, əməkhaqqılarının verilməsi məqsədilə müraciət etsələr də, rəhbərlik onları aşağılamaqla yanaşı belə bir cvabı verib: «Biz Fərzəliyevlərik və bizə kimsə heç nə edə bilməz. Hara da istəyirsiniz şikayət edin».

FƏHLƏLƏRİN HAQQINI ABİDİN FƏRZƏLİYEV YEYİB

Hər halda, kimin hansı soyadı daşımasından asılı olmayaraq redaksiya olaraq bildiririk ki, biz hüquqi dövlətdə yaşayırıq və kiminsə haqqının yeyilməsi, həququnun tapdanması cinayətdir və buna görə Azərbaycanın Cinayət Məcəlləsində müvafiq maddələr var…

Qarşı tərəfin də mövqeyini öyrənib diqqətinizə çatdıracağıq. Bizi izləyin…

Geri qayıt