Əsas Səhifə > Gündəm, Manşet > “İRƏLİ”NİN RƏHBƏRLİYİ İLƏ BAĞLI ŞOK FAKTLAR

“İRƏLİ”NİN RƏHBƏRLİYİ İLƏ BAĞLI ŞOK FAKTLAR


18-08-2012, 13:44
“İRƏLİ”NİN RƏHBƏRLİYİ İLƏ BAĞLI ŞOK FAKTLAR

RAUF MƏRDİYEV İQTİDARA YAXIN GƏNCLƏRİ PƏRƏN-PƏRƏN SALIR

DİA.AZ: Redaksiyamıza özünün “İrəli” İctimai Birliyinin üzvü olduğunu iddia edən Kənan Hasilov tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ-a ünvanlanan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq və bildiririk ki, məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq:

“Hörmətli redaksiya!
Bir gənc kimi ictimai-siyasi proseslərdə yaxından iştirak etmək, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləmək məqsədilə 01.08.2006-cü ildə “İrəli” İctimai Birliyinə üzv oldum. Açıq etiraf edim ki, birliyə üzv olduğum ilk illərdə bütün üzvlər kimi mənə də normal münasibət bəslənsə də, deputat Ceyhun Osmanlı sədrlikdən gedəndən və yerini Rauf Mərdiyevə verəndən sonra bizə qarşı qərəzli kampaniyaya start verildi.

Əvvəla 6 aydır ki, məvaciblərimizi ala bilmirik. Bununla bağlı Ceyhun müəllimə müraciət etsək də, o, dəfələrlə Mərdiyevə qəti tapşırıq verdiyini söyləsə də, R.Mərdiyev hər dəfə bizi hədələməkdən çəkinmir. Deyir, “burda mənəm, Bağdadda kor xəlifə”, kimə istəyirsiniz deyin, Ceyhun Osmanlıya yox, kimə istəyirsiniz deyin., mən heç kimi hərləmirəm.

Bu səbəbdən 2 aydır ki, maaş almırıq. Konkret olaraq “İrəlin”nin “Tari, Xarici Dillər və İdman Mərkəzlərində işləyənlər iki aydır ki, pul almır. Xarici səfərlər də inhisara alınıb. Rauf Mərdiyev yalnız təşkilata yerləşdirdiyi öz dostlarını xarici səfərlərə göndərməklə, birliyin aparıcı üzvlərini ruhdan salmağa çalışır.

Buna etiraz edənlərə isə “yolunuz açıqdır, kim istəmirsə gedə bilər” deməkdən də çəkinmir. Hətta vəziyyət o həddə çatıb ki, “İrəli”nin ən strukturlaşmış bölməsi olan İnformasiya Texnologiyaları və Tarix Departamentləri fəaliyyətsiz duruma düşüb. Vaxtilə “İrəli”ni yaradanlar Aqil Məmmədov, Rasif Dünyamalıyev, Vüsal Bəkirov, Azər Məhərrəmov və digərləri Rauf Mərdiyev zülmünə etiraz edənlər “İrəli” ni tərk ediblər.

Hörmətli redaksiya!

Xahiş edirəm dövlətçilik prinsiplərinin təbliği və iqtidarın siyasi kursunu müdafiə edən gənclərin birliyi olaraq yaranan təşkilatda baş verən özbaşınalıq hallarını işıqlandırmağa kömək edəsiniz. Hətta Rauf Mərdiyev bizi Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) əleyhinə fəaliyyət göstərməyə təhrik etməklə, bizi siyasi proseslərdən və iqtidarı dəstəkləmək siyasətindən çəkindirməyə çalışır. Amma biz bütün hallarda cənab Prezident İlham Əliyevi və onun yürütdüyü siyasi kursu müdafiə etməkdə davam edəcəyik”.

Geri qayıt