Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ HƏSƏNOVUN ŞOK KARYERA YÜKSƏLİŞİ

ƏLİ HƏSƏNOVUN ŞOK KARYERA YÜKSƏLİŞİ


16-08-2012, 16:31
ƏLİ HƏSƏNOVUN ŞOK KARYERA YÜKSƏLİŞİ

RAMİZ MEHDİYEVİN BİR NÖMRƏLİ ADAMI İLƏ BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Biz Əli Həsənovun bu günədək vəzifəyə gəldiyi yolu “keşməkeşli” adlandırsaq, heç də səhv etmiş olmarıq. Gəlin Əli Həsənov həyatının 80-ci illərin sonlarına tarixi bir baxış keçirək. Əli Həsənov Moskvada ali məktəbi, daha sonra aspiranturanı bitirir. O, Moskvadan qayıtdıqdan sonra Naxçıvana – Heydər Əliyevin yanına gedir. Sözsüz ki, Heydər Əliyev də belə çətin vaxtlarında bu gənc kadra etimad göstərir. Onu Naxçıvan Ali Məclisinin sədrinin köməkçisi vəzifəsinə təyin edir.

Lakin çox keçmir ki, Əli Həsənov Heydər Əliyevin etimadını doğrultmayaraq ondan uzaqlaşır. 1992-ci ildə o vaxtlar hələ populyar olan Xalq Cəbhəsinin liderlərinə və yaranan “demokratik” qurumlara Əli Həsənovun necə deyərlər meyli artır. O, o zamankı Milli Məclis sədrinin birinci müavini Tamerlan Qarayevin yaratdığı “Doğru yol” Partiyasına üzv olur. Beləcə, siyasi fəaliyyətə ilk əvvəl “Doğru yol”un Naxçıvan şöbəsinin təşkilatçılığından Əli Həsənovun siyasətə gəlişinin özülü qoyulur.

DİA.AZ bildirir ki, bir neçə aydan sonra AXC – Müsavat hakimiyyəti dağılan zaman Heydər Əliyev Bakıya qayıdır. Vaxtilə Heydər Əliyevin yanında işləməkdənsə Tamerlan Qarayeva pənah aparan Əli Həsənov Heydər Əliyevə yaxınlaşaraq onun qəlbini yumşaltmağı bacarır. Lakin hamı da çox gözəl bilir ki, Heydər Əliyev dəfələrlə söhbəti zamanı: “Əli Həsənov etibarsız adamdır” – deyər, Əli Həsənovun Tamerlan Qarayevin yanında getməsinə işarə edərdi. “Doğru yol”dan və oradakı biznesindən əli üzülən Əli Həsənova isə Heydər Əliyevə yaxınlaşmaqda deyilənə görə Əli Nağıyev köməklik göstərmişdir.

Bir məqamı da qeyd edək ki, Heydər Əliyevdən ayrıldıqdan sonra Əli Həsənov bir müddət kommersiya ilə də məşğul olmuşdur. Onun “Məhəmmədli” firması ilə əməkdaşlıq etməsi də söylənilir. Qeyd edək ki, həmin firma əlvan materialların Naxçıvan vasitəsilə Türkiyə və İrana daşınması ilə məşğul olurdu.

“Doğru yol” zəiflədikdən sonra Əli Həsənov YAP-a üz tutur. O vaxtlar YAP-ın gənc kadrlara böyük ehtiyyacı vardı. Beləcə Moskvada tarix elmləri namizədi olmuş Əli Həsənov işsiz qaldığı üçün Yeni Azərbaycan partiyasına gəlir. Əvvəl tarixçi, sonra kommersant olub Heydər Əliyevin yanından Tamerlan Qarayevin yanına qaçan Əli Həsənov yenidən Əli Nağıyevin sayəsində siyasətə qayıdır. Deyilənə görə vəzifə pilləsində ucalmaq üçün durmadan çalışan Əli Həsənova Əli Nağıyevin dəstəyi ilə Prezidentin İcra Aparatında yeni yaranmış şöbə tapşılır və o, hələ də həmin şöbənin rəhbəridir.

Əli Həsənov saraydaxili qruplardan ən böyüyünün ən fəal üzvü sayılır. Bu barədə danışan mənbənin DİA.AZ-a verdiyi məlumata görə Heydər Əliyevin “etibarsız adam” – adlandırdığı bu şəxs Əli Nağıyevdən də üz döndərib. Əli Həsənov rəsmi və iqtidaryönlü mətbuatın fəaliyyətinə nəzarət edir. Onun ictimai təşkilatların, partiyaların fəaliyyəti ilə də ciddi məşğul olması heç kimə sirr deyil. Hətta bir müddət ictimai – siyasi təşkilatların rəsmən qeydiyyata alınması məsələsinin Əli Həsənovla razılaşdırıldığı və yalnız onun xeyir-duasından sonra bu cür məsələlərin həll olunduğu da bildirilir.

Azərbaycanda Əli Həsənov bu tarixçi – alim, həm də mediya maqnatı kimi də tanınır. Çox zaman Əli Həsənovun öz vəzifə səlahiyyətlərini aşması da heç kimə sirr deyil. Lakin bir çox məmur və millət vəkillərindən Əli Həsənovu bir məqam fərqləndirir. Onlar vəzifə kürsüsündə əyləşdikdən sonra alim olublar, Əli Həsənov isə alim olub, vəzifə kürsüsündə əyləşib. Bu gün Əli Həsənov “müstəqil” adı ilə yaradılan, lakin heç də müstəqil olmayan geniş mediya şəbəkəsinə də nəzarət edir. Həmçinin onun ölkə telekanallarının ictimai – siyasi verlişlərinin kursunun müəyyənləşməsinə bilavasitə təsir göstərildiyi də söylənilir. Belə ki, KİV orqanlarının bəziləri bilavasitə, bəziləri isə dolayısı yolla Əli Həsənovla əməkdaşlıq edirlər. Onu müxalif qüvvələr və müxalif partiyaları ilə qeyri – rəsmi əlaqələrinin olması barədə də müxtəlif fikirlər var.

Əli Həsənovun nə keçmiş, nə də indiki fəaliyyəti birmənalı deyil. Göründüyü kimi, Prezident Aparatının İctimai – siyasi şöbəsinin müdiri Əli Həsənovun məmurluq kürsüsünə oturana qədər həyat yolu heç də hamar olmamışdır. Gah Moskvadan gələn tələbə kimi Heydər Əliyevə sədaqət andı içib, gah da bunun üstündən xətt çəkib “Doğru yol”-a keçərək yolunun doğru olmasına o özünü inandırıb. Lakin bu yolun da doğru yol olmadığını bilib yenidən Heydər Əliyevin yanına qayıdıb.

Artıq Əli Həsənov siyasətdə olduğu kimi elm aləmində də pərvazlanıb, ucalıb. Moskvadan elmlər namizədi kimi Bakıya qayıdan İctimai – siyasi şöbənin müdiri artıq elmlər doktorudur və sözsüz ki, akademik olmağa hazırlaşır. Bununla yanaşı Əli Həsənov müxalifət üçün tutarlı arqument sayılan sənədləri də toplamaqla məşğuldur. Əgər müxalifətdə olanlar çıxıb desələr ki, iqtidar nümayəndələri daxili və xarici siyasəti, iqtisadiyyatı savadsızcasına idarə edirlər, o vaxt Əli Həsənov digər məmurlar kimi diplomundan tutmuş doktorluq vəsiqəsinə qədər hamısını açıb qoyar ortalığa ki, bunlardan sizdə var? Qeyd edək ki, müxalifət liderləri iqtidarda olanlardan fərqli olaraq elmli ad cəhətdən korluq çəkirlər.

Geri qayıt