Əsas Səhifə > Güney Press / Manşet > LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ NİYƏ ÖYÜNÜR?

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ NİYƏ ÖYÜNÜR?


15-08-2012, 16:53
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ NİYƏ ÖYÜNÜR?

HUMANİTAR KOLLECƏ GÜLƏNLƏRİN ÖZLƏRİ GÜLÜNC VƏZİYYƏTDƏDİR

DİA.AZ: - Bu yaxınlarda məlumat yayıldı ki, Lənkərandakı Humanitar kollecdə 3500 manatlıq korrupsiya faktı aşkarlanıb. Həmin məlumata görə kollecin ibtidai təhsil fakültəsinin əyani şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızı 4 b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul alıb.

Məlumatın araşdırılması ilə əlaqədar məhkəmənin müvafiq qərarına əsasən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı M. Əliyevanın 10 tələbənin hər birindən təkidlə 150 manat məbləğində pul alması aşkar şəkildə müşahidə edilərək qeydə alınıb. M. Əliyeva həmin məqsədlə tələbələrdən ümumilikdə 3 500 manat məbləğində pul alıb. Bundan başqa araşdırma zamanı kollecdə tədris proqramlarının əsas etibarı ilə yerinə yetirilmədiyi, ixtisaslı kadrların hazırlanmasının formal xarakter daşıdığı, imtahanlarda qiymətləndirmənin meyarı kimi biliyin deyil, pulun və digər vasitələrin əsas götürülməsi və digər neqativ hallara yol verildiyi aşkar edilib. Faktla bağlı cinayət məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, nədənsə bu xəbər Lənkəran Dövlət Universitetinin rektoru və dekanları tərəfindən böyük təəccüblə qarşılanıb. Onlar bildiriblər ki, Humanitar kollecin korrupsiya sahəsində problemi var idisə, onların rəhbərlik etdiyi təhsil ocağındakı saflıqdan və paklıqdan faydalana bilərdilər. Hansı ki, LDU-da tələbədən pul istəyən müəllimi bizdə ən azı daşqalaq edirlər.

Bildirək ki, yuxarıda qeyd olunan fikirlər Lənkəran Dövlət Universitetinin rəhbərliyinə aiddir. Yəni onlar həqiqətən də Lənkəran Humanitar Kollecində baş verənləri bu şəkildə qarşılamışdılar. Amma əslində…

Əslində elə daşqalaq olunmalı olanlar sırasında LDU-nun müəllimləri də var. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, son günlər LDU-nun dekan və müəllimləri kəsirləri olan tələbələrlə əməlli-başlı bazarlığa başlayıblar. Hətta iki kəsiri olan tələbələrin birindən 1000 manat rüşvətin istənildiyini bildirən mənbəmiz onu da bildirdi ki, bu barədə universitet rəhbərliyi məlumatlandırılsa da, heç bir nəticə olmayıb. Və tələbə məcbur qalaraq rüşvət verməli olub.

Geri qayıt