Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİ KÜRD KÖÇÜNÜ NECƏ DURDURUB?

FHN ŞEFİ KÜRD KÖÇÜNÜ NECƏ DURDURUB?


14-08-2012, 13:15
FHN ŞEFİ KÜRD KÖÇÜNÜ NECƏ DURDURUB?

KƏMALƏDDİN HEYDƏROV GÖMRÜK ORQANLARINA XÜSUSİ TƏLİMAT VERİB

DİA.AZ: - Bir zamanlar Azərbaycana böyük kürd köçünün yön alması barədə məlumatlar mətbuatda daha da intensiv şəkildə yayılsa da, sonradan bu istiqamətdən gələn xəbərlər səngidi. Amma buna baxmayaraq, hələ də Şimali İraqdan, Türkiyədən, İrandan və son olaraq isə Suriyadan Azərbaycana kürd ailələrinin köç etməsi barədə məlumatlar gəlməkdədir.

Məsələn, bildirilir ki, təkcə son bir ay ərzində Suriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycana təxminən 20-yə yaxın suriyalı kürd ailəsi yerləşib. Və onların ölkəmizdə daimi olaraq məskunlaşma niyyətində olduğu bildirilir. Bu barədə ilginc faktları DİA.AZ-a gömrük orqanlarındakı mötəbər mənbəmiz ötürüb.

Amma burada bir maraqlı faktı da aşkarlamışıq. Sən demə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizə yön alan kürd axınının qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirməyə başlayıb. Xatırladaq ki, dünənə qədər Kəmaləddin Heydərovun adı hakimiyyətiçi kürd qruplaşmasının bir fərdi kimi çəkilməkdə idi. Və bu məsələ FHN şefinin atası - deputat Fəttah Heydərovun sovetlər birliyi zamanında Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tərkibində ilk dəfə olaraq Naxçıvan ərazisində yaradılmış «Ronahi» Kürd Mədəniyyət Mərkəzinin quruculuğunda iştirak etməsi ilə əlaqələndirilməkdə idi. Yəni bu olayla əlaqədar Kəmaləddin Heydərovun kürd əsilli olması iddia olunurdu.

Lakin redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, nə Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun və də «Ronahi»nin ikinci yaradıcısı hesab olunan Manaf adlı şəxsin kürdlüyə heç bir aidiyyatı olmayıb. Sadəcə olaraq həmin ərəfədə mərhum prezident Heydər Əliyevin göstərişi ilə onlar bu mərkəzin quruculuğunda iştirak ediblər. Qeyri-rəsmi bilgilərə görə, burada əsas hədəf SSRİ rəhbərliyinin sifarişi ilə yaradılan qurumun Azərbaycanın superetnosunun nəzarəti altında olması istəyi olub.

Mənbəmiz isə bildirir ki, Kəmaləddin Heydərov Azərbaycana yön alan kürd köçünün qarşısının alınması məqsədilə hələ də nəzarəti altında saxladığı gömrük orqanlarına xüsusi tapşırıq verib: «Hələ də xüsusən Gürcüstan-Azərbaycan sərhəddi istiqamətində kürd əsilli ailələr Azərbaycana axın edirlər. Və onların qarşısının alınması üçün Kəmaləddin Heydərovun göstərişi ilə ölkəmizə girmək istəyən hər bir kürd ailəsindən 20 min ABŞ dolları həcmində girov istənilir. Və əgər pulunu girov qoyan ailə bir aylıq müddət ərzində Azərbaycanı tərk etməzsə, o zaman həmin pul batmış hesab olunur».

Mənbəmiz iddia edir ki, bu yolla məlum köçün qarşısı ciddi surətdə alınıb. Maraqlı orasıdır ki, bütün bu proseslər sərhəd qoşunlarımızın rəhbərliyi tərəfindən yalnız müşahidə olunur.

Geri qayıt