Əsas Səhifə > Siyasət, Manşet > BANK SEKTORUNDA YENİ TƏMİZLƏMƏ ƏMƏLİYYATI

BANK SEKTORUNDA YENİ TƏMİZLƏMƏ ƏMƏLİYYATI


13-08-2012, 11:42
BANK SEKTORUNDA YENİ TƏMİZLƏMƏ ƏMƏLİYYATI

«BANK OF BAKU»DA NAZİRLİK VƏ MƏRKƏZİ BANK TƏRƏFİNDƏN YOXLAMALAR

DİA.AZ: - Neçə müddətdir ki, bank sektorunda ciddi təlatümlər hiss olunmaqdadır. Hakimiyyət İranın xüsusi xidmət orqanları ilə adı qoşa çəkilən və bu barədə bilgiləri məşhur “Vikiliks» təşkilatının açıqladığı məxfi sənədlərdə də qeyd olunan «Royal Bank»ın fəaliyyətinə xitam verdi. Bunun ardından isə İranın şübhəli dairələri ilə maliyyə əlaqlərində olan «BirlikBank»ın fəaliyyəti dayandırıldı və cəmiyyətə ötürülən ismarıclardan belə aydın oldu ki, bank sektorundakı təmizləmə əməliyyatı bundan sonra da davam edəcək. Sırada kimdir? Bax, əsas sual da bundan ibarətdir.

Daxil olan məlumatlardan aydın olur ki, əslində «Royal Bank»ın fəaliyyətinin dayandırılması əgər bir tərəfdən rəsmi Bakının Tehrana bağlı iqtisadi strukturlara əl gəzdirmə niyyəti ilə bağlıdırsa, digər yandan da ümumi olaraq bank sektoruna «süpürgə çəkilməsi» prosesinin tərkib hissəsidir.

Bank sektorundakı qaynaqlardan ötürülən informasiyaya görə, daha bir neçə bankı anoloji aqibət gözləyir. Xatırladaq ki, bir müddət əvvəl yaydığımız məlumatda yenə də İrana aid olduğu iddia olunan (məşhur «VikiLiks» təşkilatının açıqladığı sənədlərlə də belə bir iddialar yer alıb -red.) «Bank of Baku»nun fəaliyyətinin əngəllənəcəyini söyləmişdik.

Bununla əlaqədar DİA.AZ-a ötürülən informasiyalardan belə aydın olur ki, artıq bir neçə gündür «Bank of Baku» ilə bağlı da eyni qərarın çıxarılması üzərində iş gedir. Bildirək ki, bu bankın əsas səhmdarlarından biri məşhur Oromi qardaşlarıdır ki, Azərbaycanda böyük biznes imkanına malik olan bu qardaşların bir qolunun da İranın İslam İnqilabı Keşikçiləri Korpusuna gedib-çıxdığı söylənilir.

Məlumatlı dairələrdən sızan informasiyaya görə, «Bank of Baku» ilə bağlı planların icrası sentyabr ayına təsadüf edə bilər: «Çünki məhz həmin ərəfəyə bankda həm Maliyyə Nazirliyinin və həm də Mərkəzi Bankın ekspertlərinin yoxlama aparması gözlənilir. Doğrudur, bu proses ənənəvi təftiş kimi dəyərləndirilsə də, prosesin yekununda «Bank of Baku»nun lisenziyasının ləğv ediləcəyi gözlənilir».

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir…

Geri qayıt