Əsas Səhifə > Gündəm, Manşet > «MUM» ŞEFİNİN İFTAR SÜFRƏSİ QƏZƏBƏ SƏBƏB OLDU

«MUM» ŞEFİNİN İFTAR SÜFRƏSİ QƏZƏBƏ SƏBƏB OLDU


12-08-2012, 12:20
«MUM» ŞEFİNİN İFTAR SÜFRƏSİ QƏZƏBƏ SƏBƏB OLDU

ƏRƏSTUN CAVADOV DÖVLƏTİ RAZI SALIB, İNDİ DƏ ALLAHI ALDATMAQ İSTƏYİR

DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat, Mərkəzi Univermağın (MUM) rəhbəri Ərəstun Cavadov Ağsuda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etdi. Amma deyəsən millət vəkilinin savab qazanma təşəbbüsləri bəziləri tərəfindən qıcıqla qarşılanıb.

DİA.AZ-a daxil olan anonim müraciətin müəllifləri Ərəstun Cavadovun Ağsudakı iftar süfrəsinin savab kimi qəbul olunmayacağını və deputatın onlarla ailənin haqqını yeyərək, bu kimi yollarla Allah qarşısında günahlarını yuduğunu iddia edirlər.

Onu da bildirək ki, neçə müddətdir Ərəstun Cavadovun sahibi olduğu obyektlə “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı qalmaqal səngimək bilmir. ASC-nin əksər səhmdarları Ərəstun Cavadovun «Mərkəzi Univermaq»ı ələ keçirərək, şəxsi obyektinə çevirdiyini iddia edirlər ki, bu səbəbdən də onlar arasında ciddi toqquşmalar bir neçə ay əvvəl bütün mətbuatda böyük ajiotaj yaratmış oldu.

Xatırladaq ki, 1998-ci ildə özəlləşdirilən “Mərkəzi Univermaq” ASC hər zaman mənfəətlə işləyib və səhmdarlarını dividentsiz qoymayıb. Elə 2011-ci il də istisna deyil. Səhmdarlar ötən ilin nəticələrinə görə də divident alacaqlar. Yəni, cəmiyyətin fəaliyyətinə xitam verilməsinə səbəb maliyyə çətinlikləri deyil. ASC özəlləşəndən bəri daim ləğv olunacağı və köçürüləcəyi barədə söz-söhbətlər dolaşıb. Amma bu dəfə onun ləğv edilməsi əslində təşkilati-hüquqi formanın dəyişdirilməsindən başqa bir şey deyil. Yəni, əsas səhmdarlar minoritar səhmdarların (kiçik səhmdarlar - red.) səhmlərini razılaşdırılmış qiymətlə almaqla, ticarət mərkəzinin tam sahibi olmaq qərarına gəliblər.

Məlumatlara görə, ASC-nin faktiki sahibləri deputat Ərəstun Cavadov və Cəlal Əliyevdir. Səhmlər onların qızlarına məxsusdur. Cəmiyyətin 500-dən çox səhmdarı var. Nominal dəyəri 2 manat olan səhmlərin minoritarlardan 30 manata alınmasına başladığı bildirilir.

“Mərkəzi Univermaq” ASC-nin nizamnamə kapitalı 1 milyon 461 min 767,8 manatdır. Cəmiyyət illik ümumi yığıncaqlarını müntəzəm keçirib. Lakin illik hesabat və balans göstəricilərini açıqlamaqdan yayınıb.

Univermağın bir qrup işçisinin mətbuatda yayılan şikayət məktubunda deyilirdi ki, Ə.Cavadov müəssisədə şöbələrin aylıq ödənişini 1000 dollardan 5000 dollara qədər qaldırıb. Bazarlaşma nəticəsində 3500-4000 dollara qədər “endirim”lər olur. Yeni tariflərlə razılaşmayanların isə zorla ASC-dəki payı əllərindən alınır.

Son məlumatlar isə bu faktı bir daha təsdiqləyir. İşçilərin ASC-də ümumi payı 5-6 faizdən çox deyil (onların payı 0,1-1 faiz intervalında dəyişir). İndi Ə.Cavadov işçilərini bu simvolik paylardan da məhrum edib. Görünür, deputat ASC-yə heç formal şərikliyi qəbul etmir - o nəhəng ticarət obyektinə təkbaşına sahib olmağa can atır. Aylıq ödənişləri artırmaqla da ASC-nin səhmdarları olan işçilərinə təzyiq edir ki, paylarını satmağa məcbur olsunlar. Bir sözlə, biznesmen deputat mandatından və inzibati rıçaqlarından sui-istifadə etməklə işçilərinin mülkiyyət hüququnu tapdalamaqla məşğuldur.

Bütün bunları redaksiyamıza xatırladan şikayətçilər bildirirlər ki, indi Ağsuda bir-iki nəfər üçün açılan iftar süfrəsi də deputatın haram yolla ələ keçirdiyi obyektdə haqqı tapdanan səhmdarlara qarşı edilmiş günahın yuyulması üçün yetərli ola bilməz: «Ərəstun Cavadovun imkanları böyükdür. Onun hakimiyyətin nüfuzlu simaları ilə yaxşı əlaqələri var. Yəni dövlət qurumları ilə problemi olmadığından bu günə kimi istədiyini edib. İndii isə yadına düşüb ki, təkcə hakimiyyətlə münasibətlərini yoluna qoymaq yetərli deyil. Əsas Allahdır və Allahın dərgahıdır. Bu gün bizim haqqımızı yeyib, üstündən su içməsinə dövlət göz yumursa, Allah göz yummayacaq və onun sədəqə kimi verdiyi iftar süfrələri də heç nəyi - onu Allah yanında gözləyən cəzanı dəyişə bilməz».

Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt