Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOV ÖZ KOMANDASI İLƏ NƏ DANIŞIB?

ZİYA MƏMMƏDOV ÖZ KOMANDASI İLƏ NƏ DANIŞIB?


3-08-2012, 13:25
ZİYA MƏMMƏDOV ÖZ KOMANDASI İLƏ NƏ DANIŞIB?

NAZİR BİLDİRİB Kİ, GƏLƏN İLKİ SEÇKİLƏR ONLAR ÜÇÜN HƏLLEDİCİDİR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovla bağlı redaksiyamıza ilginc bir məlumat daxil olub. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, Ziya Məmmədov təxminən bir ay əvvəl özünə yaxın şəxsləri başına yığaraq, sanki bir prezident komandası qururmuş kimi tədbir düzənləyib.

Məlumatı verən mənbə iddia edir ki, məclis çox məxfi şəraitdə keçdiyindən hələ də Ziya Məmmədovun toplantısında nələrin qərara alınması ilə bağlı səhih bilgilər mövcud deyil: «Sadəcə olaraq bir məsələ aydındır ki, Ziya Məmmədov komandasından 2013-cü il prezident seçkilərində əvvəlki dəstəyini istəyib. Tədbirdə nazirə yaxın məmurlar olub. Onların arasında icra başçıları çoxluq təşkil etsə də, tədbirə qatılanlar arasında deputatların, idarə müdirlərinin, müəssisə rəhbərlərinin, hətta başqa bir nazirlikdə yüksək vəzifə tutan bir neçə şəxsin iştirak etdiyi də söylənilir».

Mənbəmiz bildirir ki, Ziya Məmmədov bu toplantı zamanı özünün hesab etdiyi komandasına bildirib ki, 2013-cü il gərgin bir ildir: «Nazir açıq şəkildə etiraf edib ki, hər şey onların gələnilki fəaliyyətindən asılıdır. Nazir hətta etiraf edib ki, onların gördükləri işin, 2013-cü il prezident seçkilərindəki fəaliyyətlərinin nəticəsi olaraq onun nazir postunda qalıb-qalmaması da həll olunacaq. Bununla həm də tədbirə qatılan hər bir şəxsin gələcəyi də həll olunmuş olacaq».

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin prezidentliyə namizəd olacağı haqda məlumatlar yayılmışdı. Eyni zamanda başqa bir dövlət məmurunun - fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da seçkilərdə fəallıq edəcəyini söyləyənlər var. Odur ki, Ziya Məmmədovun hansı səbəbdən əndişə keçirdiyi hər kəsə aydındır.

Onu da bildirək ki, bir sıra mənbələr Ziya Məmmədovun sözügedən toplantısını ümumhakimiyyət düşərgəsi daxilində gələn ilki prezident seçkilərilə bağlı hökm sürən narahatçılığın təzahürü kimi qəbul edilməsinin vacib hesab edirlər.

Geri qayıt