Əsas Səhifə > Siyasət, Manşet > AZAD RƏHİMOV ÇOX ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB

AZAD RƏHİMOV ÇOX ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB


2-08-2012, 14:43
AZAD RƏHİMOV ÇOX ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB

NAZİRİN RƏQİBLƏRİ ƏLƏ DÜŞƏN İLK FÜRSƏTDƏN USTALIQLA YARARLANDILAR

DİA.AZ: - Dünən Gənclər və İdman Naziri Azad Rəhimovun istefa vermək niyyətinə düşməsilə bağlı xəbər yayılsa da, sonradan bu məlumat sözügedən nazirliyin rəsmiləri tərəfindən təkzib olundu. Bildirildi ki, London olimpiadasındakı idmançılarımızın uğursuz çıxışlarından dolayı istefa verəcəyi xəbəri yayılan Azad Rəhimov belə bir qərarı verməyib.

DİA.AZ-a bu məsələ ilə bağlı daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Azad Rəhimovun istefası məsələsi təsadüfən gündəm gəlməyib və nazirə qarşı sözün əsl mənasında təxribat baş verib. Belə ki, xəbərin mətbuata ötürülməsində hakimiyyətiçi qüvvələrin müstəsna rol oynaması faktı aşkarlanıb.

Mənbəmizin söylədikləri: «Məlumdur ki, ayrı-ayrı məmurlar, eləcə də Azad Rəhimov barəsində yerli KİV-də az qala hər gün müxtəlif səpgili məlumatlar yayılır. Amma onlara nadir hallarda reaksiya verilir. Xüsusən də Gənclər və İdman Nazirliyi mətbuatda yer alan xəbərlərə susqunluğu ilə seçilir. Bu dəfə isə susmadılar və bir neçə saat sonra nazirliyin rəsmi mövqeyi açıqlandı. Və bunu da təsadüf kimi qəbul etmək doğru deyil».

Azad Rəhimova qarşı hakimiyyət içində konkret qruplaşmanın formalaşdığını və hətta nazirin yerinə yeni bir kadrın gətirilməsi yönündə ciddi tədarüklərin görüldüyünü xatırladan mənbəmiz vurğuladı ki, elə həmin qüvvələr ələ düşən fürsətdən yararlanmağa çalışıblar və bununla da öz aləmlərində Azad Rəhimov üçün bir «yol xəritəsi» də hazırlamış olublar:

«Kimsə iddia etmir ki, Azad Rəhimovun idmançılarımızın uğursuz çıxışlarında rolu yoxdur. Amma sırf olaraq bu məsələ ilə bağlı yeganə hədəf kimi nazirin seçilməsi, həmçinin GİN əməkdaşlarının London olimpiadasına bilet satması ilə bağlı xəbərlərin Azərbaycanda şişirdilmiş formada təqdimatı birbaşa olaraq Azad Rəhimovun rəqiblərinin fəaliyyəti kimi qəbul edilməlidir».

Mənbəmiz onu da bildirdi ki, artıq Azad Rəhimovun «vurulması» yolunda ciddi şəkildə fəaliyyətə başlayan rəqibləri olimpiadadan sonra nazirin məsələsinin hökumətdaxili müzakirələrdə qoyulmasına da nail ola biliblər.

Geri qayıt