Əsas Səhifə > Hadisə > BİLƏSUVAR GÖMRÜKÇÜLƏRİNDƏN PROKURORLUĞA ŞİKAYƏT

BİLƏSUVAR GÖMRÜKÇÜLƏRİNDƏN PROKURORLUĞA ŞİKAYƏT


2-08-2012, 13:59
BİLƏSUVAR GÖMRÜKÇÜLƏRİNDƏN PROKURORLUĞA ŞİKAYƏT

QALMAQAL BÖYÜYÜR

Cəlilabad rayonunun Ocaqlı kənd sakini Ziyad Dövlətov Biləsuvar gömrük keçid məntəqəsində İrandan gətirdiyi 18 kvadratmetr kafelin müsadirə edildiyini yazır.

Şikayətçi göstərir ki, iyulun 16-da İrandan gətirdiyi 18 kvadratmetr kafeli gömrükdən keçirmək üçün ondan rüşvət tələb ediblər. O isə rüşvət vermədikdə kafellər əlindən alınıb.

“İran gömrükçüləri heç bir söz demədilər. Lakin bizim gömrükçülər qır-saqqız olub yapışdılar ki, bu qədər ver, o qədər ver. Mənsə bildirdim ki, rüsumdan başqa heç kəsə bir qəpik də verən deyiləm. Onda kobud formada kafelimi əlimdən alıb müsadirə etdilər”, - o bildirib.

Z.Dövlətov dəfələrlə Biləsuvar gömrüyünə getsə də indiyədək kafelləri ala bilməyib. “Əvvəl dedilər ki, fakturanı gətir, görək neçəyə almısan, rüsumunu hesablayaq. Sonra dedilər ki, yox, get Sanitar Epidemioloji Stansiyadan kağız gətir ki, bu kafelin insan sağlamlığına ziyanı yoxdur. Sonra dedilər ki, Bakıdan tapşırıq gəlib, müsadirə olunmuş malları heç kəsə qaytarmayın. Biləsuvar gömrüyünün Elşən, Teyyub, Təvəkkül adlı işçiləri məni ələ salıblar. Deyirlər ki, nə vaxt kefimiz istəsə, onda da sənin malını verəcəyik. Mən Qarabağ veteranıyam, mədəni dilənçiliklə məşğul olan bu acların harada olduğu bilinməyəndə Qarabağda tank sürürdüm. İndi gəlib bu cür qanımızı içənləri görəndə bütün əsəb sistemim pozulur”, - şikayətdə qeyd edilir.

O həmçinin bildirir ki, yaşadığı kənddən çoxsaylı adamların Biləsuvar gömrüyündə İrandan gətirdiyi malı alıblar. “Bu qoçular malı alır, dillənəni isə döyür. Deyirlər biz heç kimdən qorxmuruq, gedin hara şikayət edirsiniz edin. Kimdən rüşvət alırlar, o, narkotik aparsa da açıb baxmırlar, buraxırlar. Bu dilənçiliyi və rəzaləti yığışdırın, gömrüyə ləyaqətli adamları qoyun. Növbədə duran əhali ilə kobud davranırlar, pis söyüşlər yağdırırlar. Kimi istəsələr çırpırlar. Xahiş edirik ki, Biləsuvar gömrüyündə qayda-qanun yaradın”, - Z.Dövlətov dövlət orqanlarından xahiş edir.

Turan agentliyi Ziyad Dövlətovla telefon əlaqəsi saxlayıb. Şikayətçi yazdıqlarını bir daha təsdiq edib və Biləsuvar gömrük keçid məntəqəsindəki qanunsuzluqların ictimaiyyətə çatdırılmasını xahiş edib. O, qanunsuzluqlarla bağlı müxtəlif dövlət orqanlarının “Qaynar xətt” xidmətlərinə müraciət etdiyini də bildirib: “İndiyədək yalnız baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən mənə zəng ediblər. Amma hələlik hər hansı tədbir görülməyib.

Öz növbəsində, Gömrük Komitəsinin “Qaynar Xətt” xidmətindən Turan-a bildirilib ki, vətəndaşın şikayət ərizəsi iyulun 24-də Baş Prokurorluqdan baxılmaq üçün Gömrük Komitəsinə daxil olub. Hazırda şikayətlə bağlı araşdırma aparılır, vətəndaşla görüş olacaq.

Geri qayıt