Əsas Səhifə > Hadisə > ŞİRKƏT RƏHBƏRİNİN QOLLARI QANDALLANDI
ŞİRKƏT RƏHBƏRİNİN QOLLARI QANDALLANDI28-10-2011, 11:22 |
VERGİLƏR NAZİRLİYİ HƏRƏKƏTƏ KEÇİB Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti (VAD) tərəfindən Bakı şəhəri Vergilər Departamentində (BŞVD) vergi ödəyiciləri kimi qeydiyyatda olan "Standart Lüks" MMC-də 1 avqust 2008-ci il tarixdən 1 may 2010-cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması aparılarkən 23.972,89 manat məbləğində ƏDV-nin, "Ultimate" MMC-də 1 sentyabr 2009-cu il tarixdən 1 iyun 2010-cu il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılarkən isə 8.031,71 manat məbləğində ƏDV-nin dövlət büdcəsindən yayındırılması müəyyən olunub. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hər iki faktla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, Həsənov Vahid Həsənağa oğlu "Standart Lüks" MMC-nin faktiki və "Ultimate" MMC-nin rəsmi direktoru olaraq həmin müəssisələrin adından müxtəlif əməliyyatlar həyata keçirib. Bundan başqa, VAD tərəfindən "Texniki Təchizat TT" MMC-də 1 yanvar 2009-cu il tarixdən 1 avqust 2010-cu il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılarkən 159.567,00 manat məbləğində ƏDV-nin büdcədən yayındırıldığı və xüsusi razılıq (lisenziya) almadan neft məhsullarının alqı-satqısı nəticəsində 25.913,41 manat məbləğində gəlir əldə edildiyi müəyyən olunub. VCİAD tərəfindən aparılan cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, Abşeron rayonunun Fatmayi kənd sakini, əvvəllər CM-nin 213.4-cü maddəsi ilə məhkum olunmuş Həsənov Vahid Həsənağa oğlu "Ultimate" MMC-nin direktoru olarkən 7.585,05 manat, "Texniki Təchizat TT" MMC-nin faktiki rəhbəri olarkən 147.598,63 manat, "Standart Lüks" MMC-nin faktiki rəhbəri olarkən isə 23.972,89 manat məbləğində ƏDV-ni mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə dövlət büdcəsindən yayındırıb. Bundan başqa V. Həsənov "Texniki Təchizat TT" MMC-nin və "Standart Lüks" MMC-nin adından neft məhsullarının satışını xüsusi razılıq (lisenziya) almadan həyata keçirib və bununla da qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 27.226,91 manat məbləğində gəlir əldə edib. 8 sentyabr 2011-ci il tarixdə V. Həsənova Azərbaycan Respublikası CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 və 213.2.2-ci (aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) maddələri üzrə ittiham elan edilmiş, Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş V. Həsənov özünü ona elan edilmiş ittihamda təqsirli sayıb. Geri qayıt |