Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVUN USTASINDAN İLGİNC AÇIQLAMALAR

ZİYA MƏMMƏDOVUN USTASINDAN İLGİNC AÇIQLAMALAR


2-08-2012, 12:14
ZİYA MƏMMƏDOVUN USTASINDAN İLGİNC AÇIQLAMALAR

41 İL ƏVVƏL NAZİRLƏ İŞ YOLDAŞI OLMUŞ MAMED KİŞİ NƏLƏRİ DEDİ?

DİA.AZ: - Kimin nə zaman harada olacağını, hansı mərtəbədə dayanacağını bilmək insan övladının təxmin imkanlarından çox ötədir. Elə DİA.AZ əməkdaşları ilə həmsöhbət olan nəqliyyat naziri Ziya Məmmədovun keçmiş ustası da 41 il əvvəl yanında köməkçi işləyən şəxsin nə zamansa nazir postuna qədər yüksələcəyini və eyni zamanda ölkənin ən samballı oliqarxlarından birinə çevriləcəyini ağlının ucundan da belə keçirə bilməzdi.

Beləliklə, Ziya Məmmədovun unutduğu 41 il əvvəli xatırladan həmsöhbətimizin fikirlərini diqqətinizə çatdırırıq:

- Sizi necə təqdim edək?
- Sadəcə, Mamed kişi…

- Ziya Məmmədovla haradan tanışsınız?
- 1971-ci ildə mən Azərbaycan SSR Dövlət Dəmir Yolu İdarəsinin Biləcəri Lokomotiv deposunda maşinist işləyirdim. Səhv eləmirəmsə, o zaman Ziya Məmmədov Xarkovda qiyabi oxuyurdu və mənim də yanımda maşinist köməkçisi işləyirdi. Bir ağ bloknotu da var idi və bütün qeydlərini ora edərdi.

- Onun nə zamansa nazir olacağını təxmin edə bilərdiniz?
- Mən… yox. Amma onun özü hə. Çünki hər zaman oturub-durub deyirdi ki, burada çox qalmayacaq və daha böyük vəzifələrdə işləyəcək.

- Münasibətləriniz necə olub?
- Qaydasında. Özünün də toyunda iştirak etmişəm. Amma bir neçə dəfə onunla əlaqə qurmağa çalışdım və gördüm ki, yanılmışam. Yəni münasibətlərimiz ona görə qaydasında olmayıb. Hətta oğlunun da toyunda iştirak etdim.

- Siz bilirdiniz ki, onun oğluna toy hədiyyəsi olaraq bahalı müğənnilər, maşınlar, bağ evləri verilib? Bəs siz nə hədiyyə etdiniz?
- Mən pensioner adamam. Ailəmi zar-zor dolandırıram. 50 manat pul yazdırdım. İmkanım buna çatırdı. Toyda da ona yaxınlaşmaq istədim, amma gördüm ki, məni tanımamazlığa qoydu özünü. Daha nə edəydim ki…

Onu da bildirək ki, Ziya Məmmədovun ustası olmuş Mamed kişi hal-hazırda böyük problemlər içindədir. Bu yaxınlarda bir övladı avtomobil qəzasına düşən və oğlunun həyatını zorla qurtaran nazirin keçmiş ustası hələ də ümidlidir ki, Ziya Məmmədovu ilk iş yoldaşı olmuş bir şəxs kimi nazir tərəfindən qəbul ediləcək.

Geri qayıt