Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ İNSANOV ÖZÜNÜ İDARƏ EDƏ BİLMƏZ HALDADIR

ƏLİ İNSANOV ÖZÜNÜ İDARƏ EDƏ BİLMƏZ HALDADIR


2-08-2012, 11:57
ƏLİ İNSANOV ÖZÜNÜ İDARƏ EDƏ BİLMƏZ HALDADIR

KEÇMİŞ SƏHİYYƏ NAZİRİNİN SƏHHƏTİ KƏSKİN ŞƏKİLDƏ PİSLƏŞİB

DİA.AZ: - Hal-hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə nazirinin səhhətində çox ciddi problemlər yaranıb. Bu barədə məlumatı DİA.AZ-a həmin CÇM-də işləyən penitensiar xidmət əməkdaşlarından biri ötürüb.

Xatırladaq ki, hər dəfəsində həm Əli İnsanovla bağlı və həm də onunla bərabər, 2005-ci ilin 17 oktyabr tarixində «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhəti ilə əlaqədar hər hansı məlumatı yaydığımız zaman nədənsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri bu xəbərləri israrla təkzib edirlər. Sanki keçmiş nazirlər həbsxanada yox, hansısa sanatoriyada dincəlirlər və onların hətta qrip olmaları belə imkansızdır.

Məlumatı verən mötəbər mənbə iddia edir ki, Əli İnsanovun durumu o qədər acınacaqlıdır ki, hətta özünü idarə edə bilməyəcək həddə çatıb: «Ona aşkar surətdə kiminsə baxması lazımdır. Artıq bununla bağlı həbsxana rəhbərliyi «yuxarılara» müraciət edib. Çünki keçmiş nazir özü özünü idarə edə bilmir».

Əli İnsanovun Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülə biləcəyini də istisna etməyən qaynağımız bunun bir-iki günün içində baş verəcəyini də söylədi: «Hər halda, qərarı «yuxarılar» verir. Biz sadəcə olaraq, vəziyyətlə bağlı məlumatı çatdırırıq».

Onu da bildirək ki, Əli İnsanov bel fıtığından və daha bir neçə xəstəlikdən əziyyət çəkir. Və bu günlər ölkənin tanınmış ziyalıları onun azadlığa buraxılması üçün Avropa İnsan Haqqları Məhkəməsinin rəhbərliyinə müraciət etmişdilər.

Geri qayıt