Əsas Səhifə > Gündəm, Manşet > “AMAY”-IN ŞEFİ MƏTBUATIN ÜZƏRİNƏ OD PÜSKÜRDÜ
“AMAY”-IN ŞEFİ MƏTBUATIN ÜZƏRİNƏ OD PÜSKÜRDÜ1-08-2012, 13:06 |
“DƏFƏLƏRLƏ XƏBƏRDARLIQ ETMİŞƏM Kİ, MƏHKƏMƏYƏ VERƏCƏM” DİA.AZ: - Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri, “AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayyev bu günlərdə barəsində yayılan məlumatlarla bağlı redaksiyamıza mövqeyini yollayıb. DİA.AZ olaraq bildiririk ki, KİV haqqında qanunlara uyğun olaraq Abdulla Abdullayevin də mövqeyini olduğu kimi diqqətə çatdırırıq. Hətta bu mövqedə hədələrin olmasına rəğmən: “Təəssüflənirəm ki, bu ölkədə bəzi insanlar, bəzi mətbuat işçiləri populizm xətrinə mənəviyyatı, şərəfi itirirlər. Bəlkə də bu bəzi adamlarda nə mənəviyyat var, nə şərəf. Bəlkə də ailə tərbiyəsində bu söz işlənməyib və yaxud bu sözə layiq ailə tərbiyəsi görməyib. Mən o şərəfsizlərdən deyiləm ki, Millətimi və Dövlətimi satam. Mən o dəyərin sahibi deyiləm ki, satılam. Mən bir iş adamıyam. Millətim və dövlətim üçün çox sağlam düşüncələrim var. Siyasi adam deyil, iqtisadi adamam. Hər kəslə danışıqlarımda da bərabər səviyyəli, qarşılıqlı münasibət qurmağı bacarıram. Heç kimi özümdən artıq, heç kimi özümdən əksik saymıram. Pul üçün də heç vaxt satılmaram. Hələ bu günə qədər sizlər bunu anlaya bilmədiniz. Cəhənnəmə getmərəm, cənnət də qəbul eləmir. Mən bir bank rəhbəri kimi maliyyə cəlb etmək üçün sərbəstəm. Heç kimdə mənə müdaxilə etmir. İran İslam Respublikasına qaldıqda isə, 1993-cu ildə İranda MDB məkanından ilk investr mən olmuşam. Bunu İranda çox adam bilir. İran iqtisadi bazaya malik olan qonşu dövlət olduğundan və mən də bir iş adamı olduğu üçün o bazadan yararlanmışam, yararlanıram, yararlanaçağam. İş adamı kimi təşkilatımı qorumaq, yaşatmaq üçün fəaliyyət göstərirəm. Qaldı ki, hakimiyyətə qarşı çıxmağıma, mən həm vətəndaş, həm də təhsil görmüş bir insan kimi dünyada baş verənləri araşdıraraq heç vaxt hakimiyyətin əleyhinə olmamışam. Mən hakimiyyəti dəstəklədiyim üçün bəzi məmurlar tərəfindən bu problemləri yaşayıram. Bu məmurların əksəriyyəti sizləri maliyyələşdirir və dəstəkləyir. Çünki bu məmurlar dövlətdə çalışıb, dövlətin əleyhinə fəaliyyət göstərirlər. Dövlətinə sədaqətli olanlara isə problemlər yaşadırlar. Sizlərin arxasında duranların hər birini tanıyıram. Mənim üçün informasiya agentliyi yaratmaq çox ucuz bir işdir. Bu agentliyi istəsəm Azərbaycanda, istəsəm də dünyanın hər yerində yarada bilərəm. Sizlərin arxasında duran o şəxslərin iç üzünü açaram. Dövlətə xəyanətlərindən, separatist danışıqlarından danışaram. Bəzi maliyyə qurumlarının rəhbərlərinin nə etdiklərindən, nələr etdiklərindən, hakimiyyətə mövqeyindən danışaram. Hər dəfə işimi yeniləşdirib, fəaliyyətə başlayan zaman mənim haqqımda bu cür sifarişlər verilir. Eyni zamanda da maliyyə vəsaitlərinin ayrılmasının qarşısını alırlar. Sizləri ki, öyrədib mənim əleyhimə bu cür mənəviyyatsız fikirlər yazdırırlar, yazıqlar olsun!!! Biz ailə olaraq şərəf və ləyaqət üçün yaşamışıq. Bizlərdə kişi duran yerdə qadının sözü yoxdu danışmağa. Mənim bacım heç vaxt nə bizneslə məşğul olub, nə də bank sahibi olub və o ixtiyarıda yoxdur ki, olsun. Hələ mən ölməmişəm ki, mənim bacım hər hansı bir fəaliyyət göstərə. Bacım 60 yaşındadır, nəticəsi var. Mən də bir qardaş kimi hər zaman bacıma dayaq olmuşam. O cümlədən də digərlərinə. Biz namusumuz və şərəfimiz üçün ölərik, eyni zamanda da başqasının da namusunu və şərəfini qorumaq üçün. Mənəviyyatı olanlar bir informasiyanın araşdırmasını aparar sonra yazar. Qaldı ki, İran Milli Bankından götürülən kreditə. Bəli İran Milli Bankına ticarət mərkəzində ofis üçün yer vermişəm. Qarşılıqlı, bərabər səviyyəli razılaşma əldə etmişik və həmin vəsaiti qəbul edib tikintiyə qoymuşam. Baxmayaraq ki, İran Milli Bankı öhdəliklərini tam şəkildə yerinə yetirməyib. Ona görə də məhkəməyə müraciət olunub və məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bugün də mənə hörmətlə yanaşanlara hörmətlə yanaşıram. Diqqət yetirənlərə isə diqqətli olmuşam. İçimdə xəyanət olmayıb. Özümün özümə qoyduğum hörmət mənim sədaqətimdir. Azərbaycanlı olan, qanı təmiz olan bir kəs vətəndaşına şər atmaz. Texnikabankın rəhbərinin tutulmasına gəldikdə isə Mən o şərəfsizlərdən deyiləm ki, gücüm çatmıya, kimisə həbsə atdıram. Qanun hamı üçün qanundur. Etibar Əliyevin tutulmasının səbəbi məhkəmə qərarından sonra bilinər. Yazırsınız ki, bu ölkədən qaçmağa hazırlaşıram. Mən Vətənimdən qaçmaram. Mənim dünyanın bir neçə ölkəsində biznes fəaliyyətim var. Əvvəllər də mən Azərbaycanda az olurdum. İşlərimi nizamlayandan sonra yenə xaricidəki işlərimin üstünə dönəcəyəm. Bu o demək deyil ki, mən ölkədən qaçmış olacam! Bankın ləğv olunması məsələsinə qaldıqda isə Azərbaycan Respublikasının Ali məhkəmə orqanları var. Onların qərarından sonra bankın ləğv olunması təsdiqini tapar. Biz bəzi informasiya agentliklərinə dəfələrlə məktub göndərərək xəbardarlıq etmişik ki, heç bir reallığa uyğun olmayan əsassız yazılarla bizim işgüzar nüfuzumuza xəlal gətirdikləri üçün onlar haqda qanun çərçivəsində tədbir görülməsini tələb edəcəyik. Yaxın günlərdə həmin qəzet və informasiya agentliklərini işgüzar nüfuza vurduqları zərərə və şərəf-ləyaqətə toxunduqlarına görə məhkəməyə verəcəyik. Hörmətlə, Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin Sədri A. Abdullayev” Geri qayıt |