Əsas Səhifə > Hadisə > ƏSİR ƏSGƏRİMİZDƏN XƏBƏR VAR
ƏSİR ƏSGƏRİMİZDƏN XƏBƏR VAR31-07-2012, 13:02 |
DÖVLƏT KOMİSSİYASI BU BARƏDƏ MƏLUMAT YAYIB Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan ordusu tərəfindən əsir götürülmüş Azərbaycan Milli Ordusunun əsgəri Firuz Fərəcovla bağlı məlumat yayıb. Modern.az komissiyanın rəsmi internet saytına istinadən xəbər verir ki, 2012-ci il iyulun 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu ilə bağlı məlumat əldə edildikdən dərhal sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası zəruri tədbirlərin görülməsinə başlayıb, aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciətlər ünvanlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsindən daxil olan məlumata görə, bu qurumun Ermənistandakı nümayəndəliyi məsələ ilə bağlı müvafiq işləri həyata keçirir. ”Ancaq bu cür hadisələrin baş verdiyi məqamlarda həmişə olduğu kimi, bir çox kütləvi informasiya vasitələri belə demək mümkündürsə, hərəkətə keçərək yoxlanılmamış və əsir götürülən əsgərin təhlükəsizliyinə zərər verə biləcək məlumatların yayılmasına start veriblər. Daha çox təəssüf doğuran cəhət isə ondan ibarətdir ki, yerli KİV-lər Fərəcovun ailəsinə məxsus şəxsi məlumatları, onların özləri ilə razılaşdırmadan, heç bir əlavə yoxlama və dəqiqləşdirmə aparmadan yayıblar. Bəzi KİV-lər isə daha da irəli gedərək əsir götürülən əsgərin atasının hərbçi olduğunu, hətta daşıdığı hərbi rütbəni və xidmət etdiyi qoşun növünü belə diqqətə çatdırıblar. Bu cür KİV-lər bu tip məlumatları yayarkən görəsən düşmənə gərəkli məlumatları verdiklərinin və bu məlumatın əsir götürülən əsgərin və onun ailəsinin həyatı üçün hansı nəticələri verəcəyinin fərqindədirlərmi? Digər bir KİV isə guya Fərəcovun ailə üzvlərini evdə tapmadıqlarını və buna görə də qonşulardan müsahibə aldıqlarını bildiriblər və “qonşuların” verdiyi ifadələri məlumat qismində yayıblar. Ailə ilə söhbət zamanı onlar heç bir jurnalistlə görüşmədiklərini və qəzetdə adı çəkilən qonşularının olmadığını bildiriblər. Bildiririk ki, bu cür məlumatların hər cəhdlə ictimaiyyətə açıqlanması hər şeydən öncə insan hüquqlarının və beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır”. Dövlət Komissiyası bir daha bəyan edir ki, əsir-girovların, o cümlədən Firuz Fərəcovun azad olunması istiqamətində fəaliyyət göstərən yeganə qurum kimi zəruri tədbirləri görür və bu barədə məqbul sayılan vaxtda və həcmdə məlumatlar yayır. Göstərilənləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülən vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kütləvi informasiya vasitələrinə bu problemlə bağlı məlumatları yayarkən ümumi maraqlardan çıxış etməyi, yoxlanılmamış və əsası olmayan, xüsusən də şəxsə və ailəyə məxsus informasiyaların işıq üzü görməsinə yol verməməyi tövsiyə edir. Geri qayıt |