Əsas Səhifə > Cəmiyyət > ƏLİL ANASI FƏRYAD ÇƏKİR

ƏLİL ANASI FƏRYAD ÇƏKİR


28-07-2012, 16:00
ƏLİL ANASI FƏRYAD ÇƏKİR

ÖVLADINA DƏRMAN ALA BİLMƏYƏN ANA BORC İÇİNDƏ ÜZÜR

AzadlıqRadiosunun «Qaynar xətti»nə müraciət edən Rəna Əliyeva deyir ki, 12 ildir oğlu Musa qıcolmadan yataq xəstəsinə çevrilib. 2-ci qrup əlildir. Ana övladına 1-ci qrup əlillik dərəcəsi əldə edə bilməməsindən şikayət edir. Deyir ki, imkansızlıqdan oğlunu müalicə etdirə bilmir. Aldığı kiçik məvacib və oğlunun əlilliyinə görə aldığı 36 manat dərmanlara yetmir:

«Oğlum bu xəstəliyə 9 yaşında tutulub. Nərimanov rayon Ruhi-Əsəb Dispanserində daimi qeydiyyatdadır. Ona dövlət tərəfindən dərmanlar verilməli olsa da, bu yardım tam olunmur. «Topamaks» və «Diferin» oğlumun daim qəbul etdiyi dərmanlardır. Ancaq dispanserin aptekində tez-tez deyirlər ki, bu dərmanlar yoxdur. Olanda da, yarısını verirlər, yarısını yox. Mən də məcbur oluram borca-xərcə girib özüm alım. Dərmanlar da gündən-günə bahalaşır. Heç olmasa, 1-ci qrup əlillik verib təqaüdünü qaldırsaydılar, alacağı qəpik-quruş da bizə dəstək olardı».

Rəna Əliyeva deyir ki, Ruhi Əsəb Dispanserində oğluna 1-ci qrup əlilliyə uyğun diaqnoz qoyulub, ancaq Tibbi-Sosial Ekspertiza Komissiyası hər dəfə ona 2-ci qrup əlillik dərəcəsi verməklə kifayətlənir. Ana da düşünür ki, oğlunun əlillik dərəcəsini rüşvət vermədiyi üçün dəyişmirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «Qaynar xətt»ə bildirdilər ki, Rəna Əliyevanın Tibbi-Sosial Ekspertiza Komissiyasından şikayəti varsa, bu barədə nazirlik rəhbərliyinə rəsmi müraciət etsin. Şikayəti araşdırılacaq, Musa Əliyevin xəstəliyi 1-ci qrup əlilliyə uyğun gələrsə, Nazirliyin nəzarəti altında onun əlillik dərəcəsi dəyişdiriləcək.

Geri qayıt