Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEVİN FUTBOL PAZI

RÖVNƏQ ABDULLAYEVİN FUTBOL PAZI


28-07-2012, 12:42
RÖVNƏQ ABDULLAYEVİN FUTBOL PAZI

BİNƏVA VƏTƏNDAŞLAR HƏLƏ DƏ BU QUMARIN QURBANINA ÇEVRİLİRLƏR

DİA.AZ: - «Topaz»ın əslində mədəni qumar olması barədə dəfələrlə yazılsa da, bu rəsmi qumardan qazananların kimlikləri imkan vermir ki, hansısa dövlət qurumu prosesə müdaxilə edə bilsin. Məlumdur ki, son zamanlar bütün ölkə miqyasında futbol qumarına maraq artıb. Bu da anlaşılandır. Azərbaycan kimi ölkələrin vətəndaşlarına xarakterikdir ki, bir anın içində milyoner olmaq sevdasına düşsünlər. Amma bəlli bir aqibəti nədənsə hər kəs unudur. Bir ana milyoner olmaq istəyənlər, bir ana müflisləşirlər, əllərində olanları da itirirlər.

Bu gün hansısa bir tanışımızın, qonşumuzun, lap elə qohumumuzun futbol qumarında evini belə itirdiyinə şahidlik etməyimiz artıq sıradan bir həyat mənzərəsinə çevrildiyindən kimsədə təəccüb yaratmır. Sanki belə də olmalıdır.

Bu işin arxasında isə kimlərin dayandığı da cəmiyyət üçün sirli deyil. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu gün faktiki olaraq futbol qumarını yönəldən baş mafioz qismində çıxış edir. Keçən ilin əvvəllərindən etibarən rəsmən bu qumar-biznesini monapoliyasına alan ARDNŞ prezidentinin icazəsi olmadan hansısa bukmeyker kontorunun fəaliyyəti də imkansızdır.

Bizi isə maraqlandıran heç də Rövnəq Abdullayevin bu qumardan nə qədər qazanması, kimlərə nə qədər pay verməsi deyil. Maraqlı olanı odur ki, hələ də insanlarımız «Topaz» qumarxanalarının tələsinə həvəslə düşürlər. Və anlamırlar ki, bu TOPAZ yox, elə ciblərimizin soyulması üçün düşünülmüş bir PAZ-dır… Elə bunu uzağa getməyərək, «Topaz» qumarxanalarının rəsmi internet saytlarının adlarından da görmək mümkündür.

DİA.AZ-ın apardığı araşdırmalardan aydın olub ki, bu gün həmin qumarxanaların iki rəsmi veb-saytı fəaliyyət göstərir. Onlardan biri topaz.az bu gün hər kəsə yaxşı tanışdır. Daha bir saytın adı isə belədir: ETOPAZ.AZ… Yəni bu saytın adından da rəsmən aydın olur ki, ay insanlar, BU PAZ-dır…

Geri qayıt