Əsas Səhifə > Ölkə > RAFİL HÜSEYNOV MASALLINI QARIŞDIRA BİLDİ

RAFİL HÜSEYNOV MASALLINI QARIŞDIRA BİLDİ


27-07-2012, 13:06
RAFİL HÜSEYNOV MASALLINI QARIŞDIRA BİLDİ

NARAZI SAHİBKARLAR ÜSYANA HAZIRLAŞIR

Masallıda torpaq və obyekt davası gedir. Bir müddət əvvəl «Köhnə Bazar» deyilən ticarət obyektini bağlatdırmaqla hədələyən icra başçısı Rafil Hüseynov, indi də gözəgəlimli yerlərdəki obyektləri ələ keçirmək üçün hazırlıqlara başlayıb.

TİA.AZ-a verilən məlumatlara görə, Rafil Hüseynov Masallı şəhər sakini Taleh Dayyanova məxsus, xüsusi mülkiyyət olan obyekti sökdürmək üçün göstəriş verib. Bu barədə məlumat verən Dayyanovun müdafiəçisi Rasim Əlizadə bildirib ki, Füzuli küçəsində yerləşən obyektlə bağlı artıq yerli Torpaq Şöbəsindən onlara məktub gəlib. Həmin məktubda deyilir ki, «Zəruri ehtiyac yarandığına görə, Masallı şəhəri Füzuli küçəsində istifadə etdiyiniz obyektin tikintisinə və onun üzərindəki topaq sahəsinə aid olan sənədləri 3 gün müddətində Masallı rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə təqdim edəsiniz».

Əlizadə deyir ki, bu məktubun hazırlanması icra başçısı Rafil Hüseynov və torpaq şöbəsinin müdiri Hamil Hadıyev tərəfindən düşünülüb. Məqsəd isə həmin obyekti ələ keçirməkdir. Poçt vasitəsi ilə göndərilmiş həmin məktuba cavab olaraq Hamil Hadıyevlə danışan müdafiəçi deyir ki, ondan ilginc cavab alıblar. «Hamil Hadıyev bizə bildirdi ki, onlar qanunla işləmirlər. «Qanun başqa şeydir. İstəyirsiz sənədləri təqdim edir və ya etməyin. Mənlik heç nə yoxdur. Mənə başçı göstəriş verib ki, belə bir məktub yazıb göndərim. Bir daha məni narahat etməyin». Biz də məsələni hüquqi müstəvidə həll etmək üçün çalışırıq».

Bildirək ki, Masallıda son dövrlər yaşanan torpaq qalmaqalı özünün ən pik həddindədir. Hamil Hadıyevin başçılığı altında həyata keçirilən bu proses artıq ciddi narazılıqların əsasını qoymağa başlayıb. Rayondan TİA.AZ-a verilən məlumatlarda isə deyilir ki, bu şəkildə davam edərsə, Masallıda üsyanın baş verəcəyi qaçılmazdır. Çünki faktiki olaraq 10-dan artıq kəndin torpaqları mənimsənilməkdədir.

Sakinlər bildirirlər ki, Rafil Hüseynovun Hamil Hadıyevlə birgə hərəkətləri konkret olaraq başqaları hesabına pul qazanmağa hesablanıb. Onlar deyirlər ki, vaxtıyla keçmiş icra başçısı Qəzənfər Ağayev də bu işlərlə məşğul olub, lakin istəyinə çata bilməyib. «İndi yeni icra başçısı Hamil Hadıyevin oyununa gedərək, özünə torpaq biznesi qurub. Amma bu biznes ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin hesabına həyata keçirilir. İnsanların əkin sahələrini, hətta həyatyanı torpaq sahələrini ələ keçirmək üçün düşünülmüş plan çox keçməz güclü etiraz və üsyana səbəb olacaq. Bununla bağlı hakimiyyət dairələrini də xəbərdar edirik ki, bizdə günah görməsinlər. Ona görə ki, yerli məmurların hərəkətləri insanları torpaqsız qoymağa hesablanıb və buna da imkan vermək niyyətində deyilik».

Geri qayıt