Əsas Səhifə > Hadisə > 7 MİLYON MANATI VERGİDƏN YAYINDIRAN MÜHAKİMƏ OLUNUR

7 MİLYON MANATI VERGİDƏN YAYINDIRAN MÜHAKİMƏ OLUNUR


27-07-2012, 12:40
7 MİLYON MANATI VERGİDƏN YAYINDIRAN MÜHAKİMƏ OLUNUR

İŞ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lənkəran rayon sakini, "Elkontex", "Elnur-X" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və "Sərdar LTD" İstehsalat Kommersiya Şirkətinin direktoru Cahangirov Elnur Əhmədağa oğlunun vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 6 milyon 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını aşkar etmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elnur Cahangirov "Sərdar LTD" İstehsalat Kommersiya Şirkətinin direktoru işləyərkən şirkətin adından vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində vergi tutulan dövriyyəni azaltmaqla, eyni zamanda mənfəət vergisi bəyannaməsini təqdim etməyərək ümumi hesabla külli miqdar təşkil edən 3 milyon 311 min 165.71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Bundan başqa, Elnur Cahangirov "Elkontex" MMC-nin direktoru vəzifəsində işləyərkən ümumi hesabla külli miqdar təşkil edən 1 milyon 612 min 418,22 manat məbləğində əlavə dəyər vergisini, "Elnur-X" MMC-nin direktoru kimi isə ümumi hesabla külli miqdar təşkil edən 1 milyon 485 min 548,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan gizlənən Elnur Cahangirov tutulmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilərkən Elnur Cahangirov ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, "Elkontex", "Elnur-X" MMC-nin və "Sərdar LTD" İstehsalat Kommersiya Şirkətininin direktoru vəzifəsində işləyərkən müəssisələrin adından müxtəlif adda mal-materialların alqı-satqısı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, mühasibatlıq işlərini özünün apardığını bildirmişdir.

Elnur Cahangirov barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Geri qayıt