Əsas Səhifə > Hadisə > GİZLİ YOLLA QIZIL GƏTİRƏNLƏR YAXALANDI

GİZLİ YOLLA QIZIL GƏTİRƏNLƏR YAXALANDI


26-07-2012, 13:47
GİZLİ YOLLA QIZIL GƏTİRƏNLƏR YAXALANDI

VƏTƏNDAŞIN 1 KİLODAN ARTIQ QIZILI ƏLİNDƏN ALINDI

Azərbaycan gömrükçüləri Türkiyədən Azərbaycana gizli yolla zərgərlik məmulatlarının gətirilməsinin qarşısını alıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nigar Mehdiyeva gömrük nəzarətindən “yaşıl kanal”la keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və onun yüklərinə “Rapiscan-628” markalı X-Ray aparatı ilə baxış keçirilib. Həmin yüklər sırasında qadın çantasına baxış zamanı aparatın monitorunda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri əks olunub və çantaya təkrar gömrük baxışı keçirilib.

Nəticədə, çantadan vətəndaş tərəfindən nə yazılı, nə şifahi, nə də elektron formada bəyan olunan qızıl zinət əşyaları aşkarlanıb. İş üzrə izahatında N. Mehdiyeva qızıl zinət əşyalarını İstanbulda əldə etdiyini, satış məqsədilə Bakıya gətirdiyini və müvafiq qanunlara yaxşı bələd olmadığı üçün bəyan etmədiyini bildirib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, 585 əyarlı həmin zərgərlik məmulatlarının çəkisi 1014 qram təşkil edib.

Hazırda faktla bağlı təhqiqat aparılır.

Geri qayıt